YERLİ BİZNESİN İNKİŞAFI ÜÇÜN YENİ MALİYYƏ İMKANLARI YARADILIR
Bu saziş kiçik və orta müəssisələr (KOM-lər), eləcə də xırda sahibkarlıq da daxil olmaqla, yerli biznes üçün şəffaf və səmərəli maliyyə imkanı yaratmaq məqsədi daşıyır.
bp və tərəfdaşları bu saziş çərçivəsində 5,25 milyon dollar ayırmağı nəzərdə tutur. AYİB də ən azı bu qədər vəsait ayırmağı öhdəsinə götürmüşdür. Bu sazişin icrası 2006-cı ilin dördüncü rübündən başlayaraq üç illik bir dövrü əhatə edəcəkdir. Vəsait bütünlüklə yerli biznesə və sahibkarlığa borclar, texniki yardımlar üçün istifadə olunacaqdır.
Proqram çoxlu sayda yerli maliyyə qurumları ilə ayrıca sazişlər vasitəsilə AYİB tərəfindən yerinə yetiriləcəkdir. İcra mexanizmi AYİB-in artıq təsis etdiyi İlkin Keçid Ölkələrinin mikromaliyyə vasitəsi ilə, AYİB-in kiçik və orta müəssisələr, eləcə də xırda sahibkarlıq üçün maliyyələşdirmə sxemi və yaxşı təşkil olunmuş, qeyri-bank mikromaliyyə qurumları, özəl banklar üçün təyinatlı kreditlərin verilməsi, texniki əməkdaşlıq fondlarının yaradılması yolu ilə reallaşacaqdır.
Elə buradaca regionlarda kiçik və orta biznesin, eləcə də ailə biznesinin inkişafına mikrokreditlər ayırmaq yolu ilə dəstək vermək üçün 3 milyon ABŞ dolları məbləğində kredit xətti açmaq məqsədi ilə “Rabitəbank” ASC ilə saziş imzalanmışdır. “Rabitəbank”la 1 milyon dollar məbləğində daha bir saziş ticarətin maliyyələşdirilməsi məqsədi ilə imzalanmışdır.
İmzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında bp-Azərbaycan şirkətinin prezidenti Bill Şreyder demişdir ki, bu saziş layihəsi ölkədə çox geniş əhatəyə malik özəl sahibkarlığın inkişafına kömək məqsədi ilə xüsusi olaraq tərtib olunmuşdur. Neft gəlirlərinin böyük axınının idarə olunmasında ortaya çıxan çətinliklərə qarşı daha yaxşı tədbir görə bilən sağlam iqtisadiyyatın yaradılması, qeyri-neft sektorunun inkişafı üçün güclü və şəffaf sahibkarlıq əsas rol oynayır. Ona görə də yerli bizneslər üçün şəffaf maliyyə imkanlarını genişləndirməkdən əlavə, bu layihə bp və digər xarici sərmayəçilər tərəfindən davamlı surətdə faydalana və inkişaf edə bilən daha böyük sayda və daha müxtəlif yerli təchizatçıların olmasına gətirib çıxaracaqdır.