YERLİ EKOLOJİ PLANLAŞDIRMANIN SƏMƏRƏLİ YOLLARI MÜƏYYƏNLƏŞDİRİLİR
REM-in Azərbaycandakı informasiya məntəqəsinin əlaqələndiricisi İlkin Kəngərli AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, bu günlərdə Qubada ətraf mühitin mühafizəsinə dair yerli fəaliyyət planlarının hazırlanması və gerçəkləşdirilməsi məsələlərinə, habelə yerli ekoloji planlaşdırmanın ən səmərəli yollarının müzakirəsinə həsr edilmiş seminar keçirilmişdir. Proqramın məqsədləri və öncül istiqamətləri seminar iştirakçılarına izah olunmuşdur.
REM ətraf mühit üzrə müstəqil, qeyri-siyasi, qeyri-kommersiya təşkilatıdır, Qafqaz regionunda ekologiya təşkilatlarına müvafiq məlumat, məsləhətlər vermək və maliyyə yardımı göstərmək, qeyri-hökumət təşkilatları (QHT), hökumət strukturları, işgüzar dairələr və kütləvi informasiya vasitələri arasında əməkdaşlığı dərinləşdirmək üçün təsis edilmişdir. İ.Kəngərlinin sözlərinə görə, bu proqramda Azərbaycan, Gürcüstan və Ermənistanın hərəsində bir şəhərdə və ya rayon mərkəzində ətraf mühitin mühafizəsi sahəsində yerli səviyyədə tədbirlər həyata keçirilməsi nəzərdə tutulur. Şəhərlər müsabiqə əsasında seçilir. Qalibə tam qrant veriləcəkdir. Seminar iştirakçıları həmin proqramda iştirak üçün namizəd şəhərlər seçilərkən əsas tutulan meyarlarla tanış oldular. Qalib QHT ətraf mühitin konkret tədbirlər, təbii sərvətlərə qayğıkeş münasibət üzrə təşəkkül tapmış ənənələr vasitəsilə sağlamlaşdırılması sahəsində iş təcrübəsi, proqramların gerçəkləşdirilməsində yerli hakimiyyət orqanları, beynəlxalq strukturlar ilə əməkdaşlıq təcrübəsi və bir çox digər amillər nəzərə alınaraq müəyyənləşdiriləcəkdir. Namizədlərin siyahısında artıq Əli Bayramlı, Gəncə, Quba şəhərləri var, Sumqayıt ekoloqlarının layihəsi isə nəzərdən keçirilir.