“YETKİNLİK YAŞINA ÇATMAYANLARIN ƏDALƏT MÜHAKİMƏSİNƏ” DAİR I MİLLİ KONFRANS KEÇİRİLMİŞDİR
Daxili işlər nazirinin müavini Oruc Zalov respublikada yuvenal ədliyyə sisteminin vəziyyəti barədə məlumat vermiş, BMT-nin uşaq hüquqları haqqında Konvensiyanın tələblərinə uyğun olaraq, gənc nəslin hüquqlarının qorunması ilə bağlı qanunvericilik bazasının yaradıldığını, bu istiqamətdə bir sıra qanunların və dövlət proqramlarının qəbul olunduğunu bildirmişdir. O, hüquq mühafizə orqanlarında bu sahədə islahatlar aparıldığını söyləmiş, paytaxtda və rayonlarda polis şöbə və bölmələrinin yaradıldığını qeyd etmişdir. O.Zalov uşaqlarla iş üzrə polis əməkdaşlarının maarifləndirilməsinin əhəmiyyətini vurğulamış, beynəlxalq uşaq təşkilatları ekspertlərinin iştirakı ilə 40-dan artıq seminar, konfrans və dəyirmi masa keçirildiyini diqqətə çarpdırmışdır.
YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Hana Singer, ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi, BMT-nin İnsan Hüquqları Komitəsinin sədri Yakob Egbert Doek, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda yuvenal ədliyyə sisteminin inkişafı üçün ixtisaslaşmış agentliklərin yaradılmasına ehtiyac olduğunu bidirmiş, bu sahədə xüsusi strategiyaların tərtib edilməsinin vacibliyini vurğulamışlar.
Konfransda işçi qruplarında keçirilən müzazkirələr barədə məlumat verilmiş, yuvenal ədliyyə islahatları üzrə fəaliyyət proqramları təqdim edilmişdir.