Yevlax şəhər Bəşir Səfəroğlu adına Xalq Teatrı Ağdaş səhnəsində
Yevlax, 29 oktyabr, AZƏRTAC
Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən məlumat mübadiləsinin genişləndirilməsi, mədəni əlaqələrin daha da inkişaf etdirilməsi və qabaqcıl iş təcrübələrinin bölüşdürülməsi məqsədilə bir sıra layihələr həyata keçirilir. Növbəti layihə kimi Yevlax şəhər Bəşir Səfəroğlu adına Xalq Teatrı tərəfindən Ağdaş rayon Heydər Əliyev Mərkəzində “Zəfərin mübarək Azərbaycan” adlı səhnə əsəri nümayiş olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşadan əvvəl Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov çıxış edərək, bu kimi layihələrin davam etdirilməsinin vacibliyini bildirib.
Bərdə Regional Mədəniyyət İdarəsinin rəis müavini Validə Nabatova regional idarə tərəfindən Zəfər Günü ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərdən, iki regional idarə arasında mədəni əlaqələrin əhəmiyyətindən bəhs edib.
Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayev tamaşa barədə məlumat verdikdən sonra səhnə əsəri təqdim olunub. Tamaşanın ideya müəllifi Azərbaycanın Əməkdar mədəniyyət işçisi Zöhrə Adıgözəlovadır. Tamaşada Gülnigar Rəhimlinin “Elman və Sənubər” pyesinin motivlərindən istifadə olunub. Səhnə əsərində Vətən müharibəsində Azərbaycan əsgərlərinin şücaətindən, qazanılan şanlı Zəfərdən, Azərbaycan ailəsinə məxsus milli-mənəvi dəyərlərdən, o cümlədən ülvi hisslərdən bəhs edilir.
Tamaşa böyük marağa səbəb olub və alqışlarla qarşılanıb.