Yevlaxda çətənə bitkisinin kultivasiyası və satışı ilə məşğul olan şəxs saxlanılıb
Bakı, 26 avqust, AZƏRTAC
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları kultivasiya yolu ilə narkotik tərkibli bitkilərin yetişdirilməsi və satışı ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirləri uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum edilmiş Tariyel Məmmədov Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. T.Məmmədovun şəhər ərazisində kirayə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman orada aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi uzunluğu 45 santimetrdən 330 santimetrədək olan, çəkisi 400 kiloqrama yaxın 149 ədəd çətənə kolu və satış üçün qablaşdırdığı 1 kiloqram 300 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Həmçinin T.Məmmədovun həmin yerin mühafizəsi məqsədilə istifadə etdiyi kənardan idarə olunan videokamera, gecə görüntüsü üçün xüsusi hazırlanmış fənər, satış məqsədilə istifadə etdiyi elektron tərəzi və eləcə də müxtəlif növ digər vasitələr və qurğular da maddi sübut kimi götürülüb.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.