İQTİSADİYYAT
Yevlaxda əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılır
Yevlax, 19 avqust (AZƏRTAC). Yevlax rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Yevlax Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə cari ildə Yuxarı Qarabağ Kanalının sağ sahilindəki pay torpaqlarına xidmət edən Aran-2, Aran-6 nasos stansiyaları əsaslı təmir edilmiş, Xanabad, Ərəbbəsrə, Meyvəli kəndlərinin əkin sahələrinin suvarılması üçün 605 metr beton kanal çəkilmişdir.
Hazırda Salahlı kəndinin 400 hektar sahəsinə xidmət edən Salahlı nasos stansiyasında, 1000 hektardan çox əraziyə xidmət edən Malbinəsi nasos stansiyasında, Balçılı, Cırdaxan, Ağqıraq, Yəldili kəndlərinin 6400 hektar əkin sahələrini suvarma suyu ilə təmin edən beton kanalında əsaslı təmir və yenidənqurma işləri aparılır. Yəldili, Nemətabad, Nərimanabad kəndlərinin suvarma suyu təminatının yaxşılaşdırılması məqsədilə 9 kilometr uzunluğunda yeni beton kanal çəkilir.