REGİONLAR
Yevlaxda keçirilən videokonfransda rayonda koronavirusla mübarizə istiqamətində görülən işlər müzakirə olunub
![Yevlaxda keçirilən videokonfransda rayonda koronavirusla mübarizə istiqamətində görülən işlər müzakirə olunub](/files/2020/2/1200x630/1588456977589736285_1200x630.jpg)
Yevlax, 3 may, AZƏRTAC
Yevlax Şəhər İcra Hakimiyyətində inzibati ərazi dairələri üzrə nümayəndələrin, Polis Şöbəsinin, Gigiyena və Epidemiologiya Mərkəzinin və Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbərlərinin iştirakı ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq təlimatlarının vətəndaşlara çatdırılması və maarifləndirilmə işlərinin genişləndirilməsinə dair videokonfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, videokonfransda Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev dünyanı cənginə alan koronavirus pandemiyasına qarşı mübarizənin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurla davam etdirilməsi, görülən tibbi-profilaktiki tədbirlərin nəticəsi kimi, ölkədə bu xəstəliyə yoluxanların sayının az olmasından və Yevlax rayonunda da bu istiqamətdə görülən işlərdən danışıb. Dövlətimizin başçısı tərəfindən mayın 1-də Baş prokuror Kamran Əliyevin videoformatda qəbulundan söz açaraq, görüşdə iştirak edən qurum rəhbərlərindən Prezidentin tələb və göstərişlərinə əməl etməyə, öz vəzifə səlahiyyətlərinə ciddi yanaşmağa, nöqsanlardan nəticə çıxarmağa çağırıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və təlimatlarının vətəndaşlara vaxtında və düzgün çatdırılmasının vacibliyini vurğulayan şəhər icra hakimiyyətinin başçısı bununla bağlı aidiyyəti qurumlara ciddi tapşırıqlar verib. Qeyd olunub ki, ictimai iaşə müəssisələri və digər yerlərdə vaxtaşırı dezinfeksiya işləri aparılmalıdır. Rayon Gigiyena və Epidemiologiya Mərkəzi rəhbərliyinə bu sahədə işlərin daha da genişləndirilməsi ilə bağlı göstəriş verilib.
Eyni zamanda, müşavirədə rayonda həssas qruplara aid ailələrə, ədalətli şəkildə müəyyən olunmuş ehtiyaclı şəxslərə dövlət yardımlarının və ərzaq paylarının vicdanla və xüsusi nəzarət qaydasında çatdırılmasına diqqətin artırılması tapşırılıb.