Yol-nəqliyyat hadisəsi törədərək çoxsaylı insan ölümünə səbəb olan sürücü həbs edilib
Bakı, 2 aprel, AZƏRTAC
Baş Prokurorluğun mətbuat xidməti martın 31-də Lənkəran rayonu ərazisində çoxsaylı insan tələfatı ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, martın 31-də saat 17:30 radələrində Cəfərov Natiq Təbəkül oğlu Ələt-Astara-İran sərhədi yolunun Lənkəran rayonu Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində idarə etdiyi “Ford Cargo” markalı 99-JF-224 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq, avtomobilini qarşı hərəkət zolağına çıxarıb və həmin yolla hərəkətdə olan Aslanlı Faiq Tofiq oğlunun idarə etdiyi “Mitsubishi İO” markalı 42-BS-634 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Ford Cargo” markalı avtomobil bundan sonra yolun kənarında hərəkətsiz dayanmış “VAZ-21154” markalı 10-VF-815 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılıb.
Hadisə nəticəsində “Mitsubishi İO” markalı avtomobilin sürücüsü Faiq Aslanov və sərnişinləri Aslanova Gülxanım Əliqulu qızı, Aslanov Fikrət Şirəli oğlu, Aslanov Namiq Şirəli oğlu, Aslanova Vəsimə İbrahim qızı, Aslanova Rəziyyə Aslan qızı aldıqları xəsarətlərdən hadisə yerində həlak olublar. Avtomobildə olan digər sərnişin - azyaşlı Aslanlı Ülvi Faiq oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilsə də, aprelin 2-də orada vəfat edib.
Fakta görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq, müvafiq ekspertizalar təyin edilib.
N.Cəfərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan olunub və Lənkəran Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.