YOL-QƏZA HADİSƏLƏRİ ÖLÜMLƏ NƏTİCƏLƏNMİŞDİR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Sabunçu rayonu ərazisindəki Suraxanı dairəsində naməlum avtomaşınla Sabunçu qəsəbə sakini Leyla Səlimova vurulmuşdur.
Qəza hadisəsi zamanı xəsarət almış L.Səlimova xəstəxanaya yerləşdirilmişdir.
Hadisəni törətmiş “Mercedes” markalı avtomaşının sürücüsü, Bakı şəhər sakini Tahir Hüseynov Sabunçu Rayon Polis İdarəsinin 12-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində Bakı şəhər sakini Miri Seyidovun idarə etdiyi “ Mercedes” markalı, Qobustan rayon sakini Telman Çıraqəliyevin idarə etdiyi “KamAZ ” markalı və Mingəçevir şəhər sakini İlqar Sultanovun idarə etdiyi “İsuzu” markalı avtomaşınlar toqquşmuşdur.
Nəticədə “Mercedes”in sərnişini, Bakı şəhər sakini Elmira Seyidova hadisə yerində ölmüş, xəsarət almış M.Seyidov, İ.Sultanov, sərnişinlər - Zabrat qəsəbə sakini Fəridə Mövsümzadə, Sabunçu qəsəbə sakinləri Aytən Məmmədəliyeva, Arif Mirzəyev isə xəstəxanaya yerləşdirilmişlər.
Şəki şəhəri ərazisində Cumay kəndinin sakini Mehman Həsənovun idarə etdiyi “İj-Yupiter” markalı motosikletlə Balakən rayon sakini Ramil Seyidovun sürdüyü “Mercedes” markalı avtomaşın toqquşmuşdur.
Nəticədə motosikletin sürücüsü və sərnişini, Cumay kəndinin sakini Nemət Məmmədov hadisə yerində ölmüşlər.
Cəlilabad rayonunun Əliqasımlı kənd sakini Cəlal Diniyev idarə etdiyi “RAF” markalı avtomaşınla Üçtəpə kəndi ərazisində kənd sakini İbrahim Bağırovu vurmuş, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş İ.Bağırov orada ölmüşdür.
Faktlarla bağlı cinayət işi açılmış, təhqiqat aparılır.