İQTİSADİYYAT
Yük və sərnişin vaqonlarının əsaslı təmir və bərpasını həyata keçirmək üçün İsveçrənin “Stadler Rail” şirkətinin təklifləri müzakirə edilmişdir
Bakı, 13 sentyabr (AZƏRTAC). Sentyabrın 13-də Bakıda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) rəhbərliyi ilə İsveçrənin “Stadler Rail” şirkətinin nümayəndə heyəti arasında görüş keçirilmişdir.
QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirmişlər ki, qurumun sədri Arif Əsgərov qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən, əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyindən danışmışdır.
Dəmir yolunda həyata keçirilən islahatlar, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verən A.Əsgərov qeyd etmişdir ki, Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən nəqliyyat sektorunda yeni - inkişaf dövrü başlamışdır. Yükdaşımaların həcminin gələcəkdə artması nəzərə alınır. Yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasını təmin etmək baxımından bu gün görülən işlər çox əhəmiyyətlidir.
“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”ndan da danışan QSC-nin sədri bildirmişdir ki, proqrama uyğun olaraq, vaqon və lokomotiv parkının yenilənməsi, yol, elektrik təchizatı, işarəvermə, rabitə və s. təsərrüfatların əsaslı təmiri, Bakı-Böyük Kəsik istiqamətində sabit cərəyandan dəyişən cərəyana keçid, 317 kilometr yolun əsaslı təmiri, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələrin icrası istiqamətində mühüm addımlar atılır. Dövlət Proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulmuş işlərdən biri də yeni sərnişin vaqonlarının alınmasıdır. Bu baxımdan İsveçrənin “Stadler Rail” şirkətinin öz xidmətlərini təklif etməsini yüksək qiymətləndiririk.
Nümayəndə heyətinin rəhbəri “Stadler Rail” şirkətinin vitse-prezidenti Peter Jenelten demişdir ki, şirkət 1942-ci ildən fəaliyyət göstərir. “Stadler Rail”in İsveçrə, Almaniya, Polşa və digər ölkələrdə vaqonqayırma zavodları vardır. Hazırda dünyanın 13 ölkəsinin dəmir yolunda “Stadler Rail” şirkətinin istehsalı olan sərnişin qatarları, xüsusi vaqonlar, tramvaylar və manevr teplovozları istismar olunur.
Sonra “Stadler Rail” şirkətinin istehsalı olan elektrik, regional, regionlararası, dizel və sərnişin qatarlarını, zavodların iş prosesini əks etdirən videorolik təqdim olunmuşdur.
Görüşdə dəmir yolunda istismar olunan yük və sərnişin vaqonlarının əsaslı təmir və bərpasını həyata keçirmək üçün gələcəkdə iki zavodun tikintisi ilə bağlı “Stadler Rail” şirkətinin təklifləri müzakirə edilmiş, ikitərəfli münasibətlərin bundan sonra daha da genişləndirilməsi qərara alınmışdır.