YUNESKO-NUN BAŞ DİREKTORU AZƏRBAYCANA SƏFƏR EDƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, YUNESKO-nun baş direktoru Koişiro Matsuura mayın 13-də Azərbaycana səfərə gələcəkdir.
Məqsəd Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mayın 14-16-da Bakıda “Avropada subregional səviyyədə savadlılığın dəstəklənməsi: tərəfdaşlığın qurulması və yeni yanaşmanın yayılması” mövzusunda YUNESKO-nun Regional Konfransında iştirak etməkdir.
Konfransın işində baş direktorun təhsil üzrə müavini, YUNESKO-nun bir neçə xoşməramlı səfiri, bəzi dövlət başçılarının xanımları, Şərqi və Cənubi Avropa ölkələrinin təhsil nazirləri və müavinləri, hökumət təmsilçiləri və digər nümayəndələr iştirak edəcəklər.
YUNESKO xətti ilə Avropada təhsillə bağlı regional konfransın məhz Azərbaycanda təşkil edilməsinin təşəbbüskarı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevadır.