“Yuxarı ellərdə səyyah bir dərviş: Yunus Əmrə” mövzusunda elmi konfrans keçirilib
Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Türkiyə Respublikası Baş Nazirliyi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə birgə “Yuxarı ellərdə səyyah bir dərviş: Yunus Əmrə” mövzusunda elmi konfrans keçirib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, konfransın keçirilməsində məqsəd Azərbaycan ilə Türkiyə arasında mədəni əlaqələrin inkişaf etdirilməsi, ortaq mədəniyyətimizin tarixi şəxsiyyətlərinin gənc nəsillərə öyrədilməsi və tanıdılması olub.
ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov bildirib ki, universitet beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində səmərəli fəaliyyət göstərir, Türkiyə ilə əlaqələrə isə xüsusi diqqət yetirir. Qeyd edilib ki, TİKA iqtisadiyyat, sosial, mədəniyyət, təhsil, kənd təsərrüfatı, səhiyyə, dövlət idarəçiliyi və bir çox sahələrdə texniki əməkdaşlıq və yardım fəaliyyəti göstərir. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin inkişafına dəstək verən TİKA-nın fəaliyyətinin əsas istiqamətlərindən biri ortaq tarixi dəyərlərimizin yaşadılmasıdır.
Universitetin türk araşdırmaları elmi-tədqiqat laboratoriyasının rəhbəri, professor Elman Quliyev bildirib ki, türk dünyasının böyük şəxsiyyəti, qüdrətli sənətkarı, görkəmli mütəfəkkiri Yunus Əmrə yaradıcılığında İslam ideologiyası mərkəzi yer tutur. Onun yaradıcılığı mövzu baxımından çox zəngindir. Yunus Əmrə türk xalqlarının ictimai-siyasi və ədəbi-fəlsəfi fikir tarixinin görkəmli nümayəndələrindən biridir.
Yunus Əmrə irsinin tədqiqatçısı, Türkiyənin Qazi Universitetinin professoru Mustafa Tatcı və yazıçı Leyla İpekçi səyyah dərvişlə bağlı fikirlərini bölüşüblər.
Sonra qonaqlar ADPU-nun TÜRKSOY kafedrası və türk araşdırmaları elmi-tədqiqat laboratoriyası ilə tanış olublar.