CƏMİYYƏT
Zafer Tarıkdaroğlu: Təşkilatların itkin düşənlərin taleyi ilə bağlı birgə fəaliyyəti vacib məsələdir
Bakı, 2 oktyabr, AZƏRTAC
Bütün beynəlxalq platformalarda Türkiyə və Azərbaycan olaraq eyni mövqedən çıxış etmək bizim üçün çox qiymətlidir. Ölkələrimiz arasındakı bu dostluq əzəldən əbədiyyətə qədər gələcək nəsillərə gözəl bir örnək təşkil edir. Bu gün iki ölkə arasında əlaqələr ən yüksək səviyyədədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Zafer Tarıkdaroğlu itkin düşmüş şəxslər mövzusuna həsr edilmiş beynəlxalq konfransın "Etimad, barışıq və sülh quruculuğu proseslərində itkin düşmüş şəxslər problemi" mövzusunda keçirilən sessiyasında söyləyib.
İtkin düşən şəxslərin taleyinin onların ailələri və sevdikləri üçün dərin yaraların yaranmasına səbəb olduğunu diqqətə çatdıran nazir müavini əlavə edib: “Bu məsələ sülhə zərər verən amillərdəndir. İtkin düşən şəxslərin taleyi ilə bağlı problemləri beynəlxalq səviyyədə daha çox müzakirə etməliyik. Əlaqədar təşkilatların itkin düşənlərin taleyi ilə bağlı birgə fəaliyyət göstərməsi vacib məsələdir".