Zaqatala rayonunda ilan vuran sakinin həyatı sərhədçilərin köməyi ilə xilas edilib
Bakı, 31 may, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissələri və bölmələri sərhədyanı ərazilərdə yaşayan əhaliyə hər zaman mümkün kömək göstərir, onların problemlərinin həllinə dəstək verir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Zaqatala rayonunda yerli sakinin həyatını sərhədçilərin köməyi ilə xilas etmək mümkün olub. Rayonun Mazıx kənd sakini, 1956-cı il təvəllüdlü Abakarova Həpsət Məhəmməd qızı həyətyanı sahəsində işləyərkən onu ilan sancıb və təcili olaraq rayon xəstəxanasına gətirilib.
H.Abakarovanın həyatını xilas etmək üçün ona təcili ilan zərdabının vurulması zərurəti yaranıb. Bununla əlaqədar Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Zaqatala sərhəd dəstəsinə müraciət olunub. Müraciətə dərhal reaksiya verilib və şəxsi heyətin ilan sancması hallarında istifadə məqsədilə hərbi hissənin tibb məntəqəsində saxlanılan ilan zərdabı rayon xəstəxanasına göndərilib və vətəndaşın həyatı xilas edilib.