Zaqatala və Balakəndə sakinlər qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri barədə maarifləndirilirlər
Bakı, 20 oktyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki-Zaqatala regional bölməsinin əməkdaşları qəhvəyi mərmər bağacığına (Halyomorpha halys) qarşı maarifləndirici tədbirləri davam etdirir. Bu dəfə Balakən və Zaqatalanın 9 kəndinin sakinləri ilə görüşlər keçirilib. Sakinlərə zərərvericinin bitkilərə və kənd təsərrüfatına vurduğu ziyan, eləcə də payız-qış mövsümündə aparılmalı mübarizə tədbirləri barədə ətraflı məlumat verilib.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib.
Qeyd olunub ki, temperaturun aşağı düşməsi səbəbindən qəhvəyi mərmər bağacığı aktivliyini itirərək yaşayış evlərinin, təsərrüfat binalarının, daş və taxta aralıqlarının, eləcə də digər isti sığınacaqların içərisində gizlənir. Görüşlər zamanı həmin gizlənmə yerləri əyani şəkildə sakinlərə göstərilir, zərərvericinin aşkarlanması və məhv edilməsi prosesi nümayiş etdirilir.
Maarifləndirmə tədbirlərinin məqsədi əhalini payız-qış dövründə aparılan mexaniki mübarizə işlərinə cəlb etmək, zərərvericinin növbəti vegetasiya mövsümündə artmasının qarşısını almaqdır.