REGİONLAR
Zaqatalada Vətən Müharibəsi Qəhrəmanı İsmayıl Səmədovun xatirəsi anılıb
![](/files/galleryphoto/2022/3/1200x630/16655773694364254460_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1665577369782863830_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16655773693282048731_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16655773693773744347_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16655773694646041529_1200x630.jpg)
Zaqatala, 12 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qırx dörd gün davam edən və şanlı Zəfərlə başa çatan Vətən müharibəsində Zaqatala rayonunun igid oğulları da mərdliklə vuruşaraq tarixi Qələbənin qazanılmasına öz töhfələrini veriblər. Ərazi bütövlüyümüz uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarından biri də rayonun Lahıc kəndindən olan Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, Vətən Müharibəsi Qəhrəmanı İsmayıl Səmədovdur. Oktyabrın 12-si İsmayılın şəhadətə yüksəlməsinin ikinci ili tamam olur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının əməkdaşları, ictimaiyyətin nümayəndələri, ailə üzvləri və doğmaları, kənd sakinləri onun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Anım tədbirində 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən, həyatının 30-cu ilində əbədiyyətə qovuşan İsmayıl Səmədovun keçdiyi şərəfli döyüş yolundan, qəhrəmanlığından söz açılıb, şəhidlərin əziz xatirələrinin heç bir zaman unudulmayacağı vurğulanıb.
Məktəblilər şəhidlərə, Vətənə həsr olunmuş şeirlər söyləyiblər.
Qeyd edək ki, İsmayıl Səmədov 1990-cı il avqustun 9-da Zaqatala rayonunun Lahıc kəndində anadan olub. O, 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi təhsil alıb. Hərbi məktəbi bitirdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrin kursuna yazılıb və kursu müvəffəqiyyətlə başa vurub. Lələtəpə yüksəkliyinin azad olunmasında göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev İsmayılı cəbhə xəttində şəxsən mükafatlandırıb.
Kapitan İsmayıl Səmədov Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Füzuli döyüşləri zamanı şəhid olub, doğulduğu Lahıc kəndində torpağa tapşırılıb. Ailəli idi, iki övladı yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən İsmayıl Səmədova ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adı verilib. O, həmçinin “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.