ZAQATALADA YENİ SOSİAL OBYEKTLƏR İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Zaqatala rayonunda ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş tədbirlər davam edir.
Ulu öndərin doğum günü ərəfəsində rayonda daha bir neçə sosial obyektin açılış mərasimi olmuşdur.
Açılış tədbirlərindən əvvəl rayon rəhbərliyi, Böyük Vətən müharibəsinin veteranları və ictimaiyyətin nümayəndələri 9 may - faşizm üzərində Qələbə günü münasibətilə Zaqatala şəhərindəki “Xilaskar əsgər” abidəsini ziyarət etmiş, önünə gül-çiçək düzmüş, 1941-1945-ci illər müharibəsində həlak olmuş həmvətənlərimizin xatirəsini ehtiramla yad etmişlər.
Sonra icra hakimiyyətində rayon rəhbərliyi ilə Böyük Vətən müharibəsi veteranlarının görüşü olmuşdur. Veteranları əlamətdar bayram münasibətilə təbrik edən rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov faşizm üzərində qələbənin təmin edilməsində bütün Azərbaycan xalqı kimi, Zaqatala rayonunun mərd oğul və qızlarının da böyük xidmətləri olduğunu xüsusi vurğulamışdır.
Görüşün sonunda veteranlara maddi yardım göstərilmişdir.
Daha sonra rayon rəhbərliyi Kebeloba kəndində Micqar çayı üzərində Fövqəladə Hallar Nazirliyinin vəsaiti ilə inşa edilmiş yeni körpünün, Yuxarı Tala kəndində daxili imkanlar hesabına tikilmiş tibb məntəqəsinin, rayon mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəsaiti ilə inşa edilmiş Əhalinin Sosial Müdafiəsi Mərkəzinin yeni inzibati binasının, habelə əsaslı təmir olunmuş incəsənət məktəbi binasının açılış mərasimlərində iştirak etmişdir.
Elə həmin gün rayon mədəniyyət evinin qarşısındakı meydanda ulu öndər Heydər Əliyevin doğum günü şərəfinə gül bayramı keçirilmişdir.