ZAQATALANIN SEÇKİ MƏNTƏQƏLƏRİ SƏSVERMƏYƏ HAZIRDIR
Dairə seçki komissiyasından AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, dairədə və məntəqələrdə seçkilərə hazırlıq işləri MSK-nın qərarı ilə təsdiq edilmiş “Təkrar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı”na uyğun aparılmış, qeydə alınmış namizədlərə seçkiqabağı təbliğat və təşviqat işinin təşkili üçün bərabər şərait yaradılmış, komissiya üzvlərinin maarifləndirilməsi üçün təlim-məşğələlər keçirilmişdir. Bütün seçki məntəqələri lazımi avadanlıqla, rabitə və digər texniki vasitələrlə təchiz olunmuşdur. Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 2005-ci il 25 oktyabr tarixli Sərəncamına uyğun olaraq, səsverməyə bir-neçə gün qalmış bütün seçki məntəqələri lazımi miqdarda mürəkkəb balonları və ultrabənövşəyi lampalarla təchiz olunacaqdır.
Seçkilərə hazırlığın gedişi ilə daha yaxından tanış olmaq məqsədi ilə bir-neçə gün öncə Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES) Bakı ofisinin rəhbəri Don Kleyston və Amerika səfirliyinin siyasi məsələlər üzrə müşaviri xanım Lora Klara Şaybi Zaqatalanın dairə və seçki məntəqələrində olmuş, təzhizat məsələləri ilə maraqlanmış, qeydə alınmış namizədlərlə və seçicilərlə görüşmüşlər.