Z.BJEZİNSKİ İRANA QABAQLAYICI ZƏRBƏ ENDİRİLMƏSİNİ SİYASİ BƏSİRƏTSİZLİK ADLANDIRIR
Onun firkincə, belə zərbənin əleyhinə dörd sanballı dəlil var. Əvvəla, qaçılmaz təhlükənin olmadığı bir şəraitdə (iranlılara nüvə cəbbəxanasına yiyələnmək üçün azı bir neçə il vaxt gərəkdir) bu hücum birtərəfli müharibə aktına çevriləcəkdir. Bu hücum Konqres tərəfindən rəsmən müharibə elan edilmədən başlanarsa, onda konstitusiyaya zidd olacaq və Prezidentə etimadsızlıq göstərilməsinə gətirib çıxaracaqdır. Yenə də eynilə, əgər hücum BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan, ancaq ABŞ tərəfindən və ya İsrail ilə birlikdə həyata keçirilərsə, onda hücum edəni/hücum edənləri beynəlxalq cinayətkarlara çevirəcəkdir.
İkincisi, İsrailin mümkün reaksiyası ABŞ-ın İraqda və Əfqanıstanda çəkdiyi çətinlikləri xeyli ağırlaşdıracaq və ola bilsin, “Hizbullah”ın Livanda, yaxud başqa yerlərdə yeni zorakılıq aktları törətməsinə səbəb olacaq və ABŞ-ı onilliklərlə, yaxud daha artıq müddətə regional münaqişəyə cəlb edəcəkdir. Üçüncüsü, neftin qiyməti kəskin şəkildə qalxacaq, xüsusən də, əgər iranlılar neft hasilatını azaltmağa məcbur olsalar və ya onun Səudiyyə Ərəbistanından ixracını dayandırmağa çalışsalar. Bu, dünya iqtisadiyyatına ciddi təsir göstərəcək, bunun məsuliyyəti isə ABŞ-ın üzərinə qoyulacaqdır. Nəhayət, Bjezinski hesab edir ki, bu hücumla əlaqədar ABŞ terrorizmin daha çox hədəfinə çevriləcək və belə bir qlobal şübhəni möhkəmləndirəcəkdir ki, Vaşinqtonun İsraili dəstəkləməsi islam terrorizminin artmasının ciddi səbəbidir. ABŞ daha da təklənmiş olacaqdır.
Bjezinskinin fikrincə, əsasən, ABŞ-ın tarixi perspektivini və milli mənafelərini nəzərə alaraq, “hökumətin” ayılması və strateji cəhətdən düşünüb-daşınması vaxtı gəlib çatmışdır. ABŞ İranla birbaşa danışıqlarda Böyük Britaniya, Fransa və Almaniyaya, ola bilsin, Rusiya və Çinə (onlar BMT TŞ-nin üzvüdür və veto hüququna malikdirlər) qoşulmalı və bu zaman Şimali Koreyaya dair aparılan çoxtərəfli danışıqları model kimi götürməlidir. Bundan başqa, Şimali Koreya ilə olduğu kimi, ABŞ İranla da qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələlərinə və maliyyə məsələlərinə dair ikitərəfli danışıqlarda iştirak etməlidir”.