“Zəfər sədası” tədbirində Vətən müharibəsində cəsur döyüşçülərin igidliyindən bəhs olunub
Bakı, 7 noyabr, AZƏRTAC
“Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Zəfər sədası” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Zəfər gününə həsr olunmuş tədbirdə şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları, mədəniyyət, mətbuat və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dövlət Himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edib.
Vətən Müharibəsi Qəhrəmanı, şəhid Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Camal İsmayılovun anası Filarə İsmayılova Vətən müharibəsindəki zəfərimiz xalqımızın şanlı tarixidir və bu tarixi qələbəni bizə yaşadan qəhrəman şəhidlərimizin hər zaman Azərbaycan xalqının qəlbində yaşayacağını vurğulayıb.
Şəhid Aslan Salmanovun atası İsrafil Salmanov Vətən yolunda canından keçən qəhrəman əsgər və zabitlərimizin şərəfli döyüş yolundan, onların həyat yolunun gənc nəsil üçün vətənpərvərlik nümunəsindən, olduğunu, Vətən müharibəsi iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin mayoru Elşən Təhməzov şanlı tarix yazan Milli Ordunun döyüşçülərinin göstərdiyi fədakarlıqdan bəhs edib və onların hər biri ilə qürur duyduğunu deyib.
Tədbirdə tanınmış incəsənət nümayəndələrinin ifasında Zəfər və Qələbə ruhlu mahnılar səsləndirilib.
“Zəfər sədası” tədbirinə şəhid övladlarının ifasında sözləri və musiqisi Bakı Musiqi Akademiyasının professoru, şəhid pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynovaya aid olan “Qəhrəman övladıyıq” mahnısı ilə yekun vurulub.