Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olub
Bərdə, 25 aprel, AZƏRTAC
Akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olub. Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş Zərifə xanımın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Bərdə Dövlət Rəsm Qalereyasında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü ilə bağlı keçirilən tədbirdə səsləndirilib.
Rəsm Qalereyasının direktor əvəzi Səidə Yusifova, Bərdə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Kəmalə Əsgərzadə, Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova və başqaları çıxış edərək, akademikin zəngin həyat yolundan, elmi, pedaqoji və həkimlik fəaliyyətindən danışıblar. Bildirilib ki, insanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanmış Zərifə xanım Əliyeva tibb sahəsində əldə etdiyi uğurlarla, fərdi keyfiyyətləri ilə ailəsinin və Vətəninin adını ucaldıb.
Tədbirdə məktəblilərin iştirakı ilə musiqili kompozisiya nümayiş olunub.