Səyyar “ASAN qatar”ın növbəti dayanacağı Şabran Dəmiryol Stansiyasıdır VİDEO
Şabran, 4 aprel, Elxan Yusifli, AZƏRTAC
Səyyar “ASAN qatar”ın növbəti dayanacağı Şabran Dəmiryol Stansiyası olacaq.
AZƏRTAC xəbər verir ki, martın 28-dən etibarən səyyar qrupa 650-dən artıq müraciət daxil olub. Şabranla yanaşı, digər şimal rayonlarının sakinləri də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN qatar” xidmətindən yararlanmaq imkanı qazanıblar.
Xidmətlər 4 dövlət orqanı - Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunur.
Vətəndaşlar 15 gün ərzində notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, texniki pasportların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi və digər xidmətlərdən faydalana bilərlər.
Səyyar qrupun rəhbəri Elgiz Hüseynov bildirib ki, dövlətimizin başçısının tapşırığına əsasən, “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş səyyar “ASAN qatar” konsepsiyası həyata keçirilir. Səyyar “ASAN qatar”lar ölkəmizdə geniş dəmir yolu şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşlara xidmət göstərməyi nəzərdə tutur.
Səyyar “ASAN qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir. Vətəndaşlar “ASAN qatar”a əsasən şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportları almaq və onları dəyişdirmək, eləcə də digər xidmətlərlə yanaşı, “ASAN laboratoriya”da qan analizləri üçün müraciət edirlər.
Bu xidmətlərdən yararlanmaq istəyənlər aprelin 11-dək Şabran Dəmiryol Stansiyasında fəaliyyət göstərən xidmət əməkdaşlarına müraciət etməlidirlər.