Kolumbiyalı futbolçuları öldürəcəkləri ilə hədələyirlər VİDEO

Bakı, 4 iyul, AZƏRTAC
Futbol üzrə dünya çempionatının 1/8 finalında Kolumbiya və İngiltərə komandaları arasında matçdan sonra Kolumbiya yığmasının hücumçusu Karlos Bakkanı və yarımmüdafiəçi Mateus Uribeni öldürəcəkləri ilə hədələməyə başlayıblar.
AZƏRTAC Britaniyanın “Daily Mail” nəşrinə istinadla bildirir ki, futbolçuların ünvanına bu cür hədələr sosial şəbəkələrdə yayılır.
Xatırladaq ki, çərşənbə axşamı Moskvadakı “Spartak” stadionunda İngiltərə və Kolumbiya yığmaları arasında matçın əsas və əlavə vaxtı heç-heçə başa çatıb - 1:1. Matçdan sonrakı penaltilər seriyasında ingilislər daha dəqiq olublar - 4:3.
Uribe və Bakkanın vurduğu zərbələr boşa çıxıb. Uribe topu qapı çatına vurub, Bakkanın zərbəsini isə ingilislərin qapıçısı Cordan Pikford geri qaytarıb. Bundan dərhal sonra sosial şəbəkələrdə hər iki oyunçunu hədələməyə başlayıblar və onların Kolumbiyaya qayıtmamasını məsləhət görüblər.
Qrup mərhələsinin birinci turunda Yaponiya komandasına qarşı oyunda 1:2 hesabı ilə məğlubiyyətdən sonra Kolumbiya yığmasının yarımmüdafiəçisi Karlos Sançesi hədələyiblər. Görüşün üçüncü dəqiqəsində Sançes qaydaları pozduğuna görə kolumbiyalılar azlıqda qalıb və onların qapısına penalti təyin edilib. Polis bu futbolçunu hədələyənlərin şəxsiyyətini müəyyən etmək məqsədilə hadisə üzrə təhqiqata başlayıb.
Kolumbiyada belə hədələrə tamamilə ciddi yanaşmağa adət ediblər. 1994-cü il dünya çempionatında ABŞ komandasına qarşı matçda (1:2) avtoqola görə həmin matçdan on gün sonra Kolumbiya yığmasının üzvü Andres Eskobar öz vətənində güllələnib. Eskobarı güllələyən şəxs hər dəfə atəş açarkən “Qol!” deyə qışqırırmış. Qatil 43 il həbs cəzasına məhkum edilib, lakin cəmi 11 ildən sonra “nümunəvi davranışına görə” azadlığa buraxılıb.