SİYASƏT
11 SENTYABR FACİƏSİNDƏN SONRA AMERİKA AZƏRBAYCANIN VƏZİYYƏTİNİ DAHA YAXŞI ANLAYIR
Birləşmiş Ştatlara Fulbrayt proqramı üzrə tədqiqat aparmağa gələn alimlərin Vaşinqtonda keçirilən üçgünlük illik konfransı başa çatmışdır. 60 ölkəni təmsil edən nümayəndələr “Amerika xaricdən necə görünür” sualına cavab tapmağa çalışdılar. Həm yerli, həm də xarici alimlərin çıxışlarında 11sentyabr hadisələrindən sonra ABŞ-ın xarici siyasətdə dəyişikliklər edilməsi zərurəti xüsusi vurğulandı.
Konfrans iştirakçılarının fikrincə, ölkələr arasında münasibətlər yalnız siyasi-iqtisadi maraqlarla ölçülməməlidir. Tədbirdə çıxış edən Dövlət Katibinin Təhsil və Mədəniyyət məsələləri üzrə müavini Patrisiya Harrison terrorizmlə mübarizənin ən səmərəli yolunun təhsil mübadiləsi olduğunu bildirdi. Xanım Harrison proqram iştirakçılarını “öz ölkələrinin səfirləri” adlandırdı.
Ölkəmizi konfransda Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutundan psixiatr Nazim Həsənzadə təmsil edirdi. Nazim Həsənzadə ötən il Fulbrayt mükafatına layiq görülən üç azərbaycanlı tədqiqatçıdan biridir. Amerikanın ən nüfuzlu tibbi təhsil ocaqlarından biri olan Nyu-Cersi Təbabət və Dentologiya Universitetində sosial stressin alkoqolizm və narkotik maddələrin istifadəsinə təsiri mövzusunda araşdırma aparır.
Konfrans təəssüratlarını AZƏRTAC-ın müxbiri ildə bölüşən doktor Nazim Həsənzadə dedi ki, 11 sentyabr faciəsini yaşayan Amerika Azərbaycanın vəziyyətini daha yaxşı anlayır. Araşdırma apardığım universitetdə məruzə ilə çıxış etdim. Məruzəmdə vurğuladım ki, amerikalıların yaşadığı bu cür sosial stresi azərbaycanlılar, xüsusilə də bir milyon qaçqın və məcburi köçkün kimi yaşayan həmvətənlərimiz on ildir yaşayır.
O, Bakıdan gətirdiyi kitablar və fotolar vasitəsilə tək erməni işğalı barədə deyil, həm də ermənilər tərəfindən ölkəmizdə dəfələrlə törədilən terror aktları haqqında məlumat verərək, insanların keçirdiyi stresin onların həyatına acınacaqlı təsirini tibbi faktlarla əsaslandırmağa calışmışdır.
1946-cı ildə təsis olunduğu gündən Fulbrayt proqramı üzrə 250 min alim və tədqiqatçı beynəlxalq bilik və təcrübə mübadiləsinə qoşulmuşdur. İştirakçılar arasında Böyük Britaniyanın baş naziri Toni Bleyer, Əfqanıstan müvəqqəti hökumətinin başçısı Həmid Karzai kimi xadimlər də vardır. Fulbrayt proqramı üzrə hər il 4500 qrant təsis edilir.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton