MƏDƏNİYYƏT
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi işıq üzü görüb
Bakı, 2 oktyabr, AZƏRTAC
“Mədəniyyət.AZ” jurnalı yenidən bir-birindən maraqlı mövzularla oxucuların görüşünə gəlib.
AZƏRTAC xəbər verir ki, nəşrin baş məqaləsi Bakıda keçirilən UNESKO-nun 43-cü sessiyasında qəbul olunan tarixi qərarlar, eləcə də ölkəmiz üçün əhəmiyyətli - Şəki Xan Sarayı və şəhərin qədim hissəsinin təşkilatın Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi ilə bağlıdır. Bu kontekstdə Xan Sarayının inşa tarixi və özünəməxsus memarlıq xüsusiyyətləri, o cümlədən dünyanın məşhur səyyahlarının sənət incimiz haqqında maraqlı fikirləri ilə də tanış olmaq mümkündür.
Ənənəvi rubrika – “Azərbaycan Cümhuriyyəti-100”də xalqımızın sayğıdəyər ziyalısı Sultanməcid Qənizadənin maarif, təhsil mücadilələrinə, gənc nəslin təlim-tərbiyəsi yolunda cəfakeşliyinə işıq tutulur.
Ədəbiyyatımızın sönməyən günəşi Cəfər Cabbarlının enişli-yoxuşlu ömür yolu və çoxcəhətli yaradıcılığı bu nömrənin diqqətçəkən oxunaqlı yazılarındandır.
“Mütaliə” bölümündə məktəbəqədər yaşlı uşaqların dünyagörüşünün formalaşmasında kitabın rolu barədə mütəxəssis rəyinin böyük maraq doğuracağı şübhəsizdir.
Musiqi xadimlərimizin həyat və fəaliyyətləri mövzusu professor Leyla Məmmədova və Nuridə İsmayılzadə haqqında məqalələrlə davam edir.
“Rəngkarlıq”da isə əyalətdə yaşayıb paytaxt rəssamları qədər məşhurluğa haqq edən sənətkarlarımızdan söhbət açılır.
Bu nömrənin diqqətçəkən məqamlarından biri də “Bizdən yazırlar” rubrikasında toplanan qeydlərdir - yazıçı-dramaturq Kamran Nəzirlinin sosial şəbəkələrdə “Mədəniyyət.AZ” haqqında müsbət rezonans doğuran münasibəti oxuculara təqdim olunur.
“Elm”in səhifələri hər zamankı kimi, yaradıcılıq axtarışlarında olan gənc və sözünü demiş müqtədir alimlərimizin ixtiyarındadır. İstər elm dəryasının qəvvası olan möhtərəm alimlər, istərsə də bu yolda ilk addımlarını atan gənc tədqiqatçılara elmi məqalələrinin dərci üçün geniş imkanlar yaradılıb.