Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma prosesi davamlı inkişaf nümunəsinə çevrilir - RƏY
Bakı, 9 fevral, AZƏRTAC
2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər nəticəsində torpaqlarımız işğaldan azad olundu və Cənubi Qafqaz regionunda tamamilə yeni reallıqlar formalaşdı. Bu reallıqlar fonunda ötən müddət ərzində atılan addımlar və görülən işlər nəinki region, hətta qlobal məkan üçün yeni bir nümunə təşkil edir desək, yanılmarıq.
Bunu AZƏRTAC-a açıqlamasında “Mərkəzi Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri bildirib.
Onun sözlərinə görə, Azərbaycan dövləti hər zaman tikinti-quruculuq, yenidənqurma və bərpa işlərinə xüsusi önəm verib.
“Əhalinin rahat yaşayışının təmin olunması, sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl addımlar atılıb və bu proses hazırda da davam etdirilir. Məhz bu yanaşmanın nəticəsi olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları işğaldan azad edildikdən sonra həmin ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işlərinə start verilib. Bu işlər “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Azad olunmuş ərazilərdə yollar, tunellər, hava limanları, elektrik və su təsərrüfatı obyektləri, rabitə xətləri demək olar ki, sıfırdan qurulur, məktəblər və səhiyyə müəssisələri tikilir. Şəhər və kəndlər müasir urbanizasiya prinsipləri, eləcə də “ağıllı şəhər – ağıllı kənd” konsepsiyası əsasında yenidən planlaşdırılır.
Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzurun bərpasını yalnız vətəndaşların gündəlik yaşayış ehtiyaclarının ödənilməsi ilə məhdudlaşdırmır. Bu proses təkcə infrastrukturun yenilənməsi deyil, həm də tarixi ədalətin və milli-mədəni irsin bərpasına xidmət edir. Yenidənqurma işləri ilə paralel olaraq tarixi-mədəni irsin qorunması və bərpası xüsusi diqqət mərkəzində saxlanılır. İşğal dövründə dağıdılmış və təhqir olunmuş məscidlər, türbələr, muzeylər və digər mədəniyyət obyektləri dövlət nəzarəti altında inventarlaşdırılıb və mərhələli şəkildə bərpa olunur. Ağdam məscidi, Şuşadakı tarixi məscidlər və digər mədəniyyət abidələri buna nümunədir”, - deyə Nadir Azəri əlavə edib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə mədəni irsə vurulmuş zərərin aradan qaldırılması və bu istiqamətdə sistemli tədbirlərin görülməsi də dövlət siyasətinin prioritet istiqamətlərindəndir: “Bu baxımdan Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası xüsusi əhəmiyyət daşıyır. Sənəddə işğal dövründə mədəni irsə dəymiş ziyanın qiymətləndirilməsi, bərpa işlərinin aparılması və beynəlxalq ictimaiyyətin məlumatlandırılması nəzərdə tutulur. Həmçinin azad olunmuş ərazilərdə mədəni irsin, o cümlədən arxeoloji abidələrin qorunması sahəsində fəaliyyətin təkmilləşdirilməsi, beynəlxalq məlumatlandırma işinin gücləndirilməsi və dəymiş ziyanın kompensasiyası istiqamətində tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Şübhəsiz ki, görülən bütün bu işlər Azərbaycan dövlətinin qətiyyətini, işğaldan azad edilmiş ərazilərin tam yenidən qurulması və bərpası prosesinin davamlı xarakter aldığını göstərir. Eyni zamanda bu proses xalqımızın torpağa, vətənə və doğma yurda bağlılığının, həmin torpaqların dirçəldilməsi iradəsinin bariz ifadəsidir. Bu, həm də Azərbaycan dövlətinin və xalqının öz tarixi və mədəni irsinə sadiqliyini bir daha dünyaya nümayiş etdirir”.