İnnovativ plastır orqanizmdə antibiotik səviyyəsini izləyir – tədqiqat
Bakı, 9 fevral, AZƏRTAC
Yeni Cənubi Uels Universitetinin tədqiqatçıları Avstraliyanın “Nutromics” şirkəti ilə birgə orqanizmdə vankomisin antibiotikinin səviyyəsini hər beş dəqiqədən bir izləməyə imkan verən azinvaziv taxıla bilən plastır hazırlayıblar. Bu texnologiya ağır infeksiyalar olan pasiyentlərdə dozanın aşılması və böyrəklərin zədələnməsi risklərini azaltmağa imkan verəcək.
AZƏRTAC “Nature Biotechnology”yə istinadla xəbər verir ki, vankomisin digər preparatlara davamlı infeksiyaların, o cümlədən qan infeksiyalarının müalicəsində tətbiq olunur. Onun dozasına nəzarət son dərəcə vacibdir, çünki dozanın az olması infeksiyanı məhv etmir, həddən artıq olması isə böyrəklərin zədələnməsinə, hətta pasiyentin ölümünə səbəb ola bilər. Hazırda bu nəzarət bir neçə dəfə qan analizinin götürülməsi yolu ilə aparılır ki, bu da invaziv və vaxt aparan prosedurdur və həkimlərə hər zaman lazımi məlumatları operativ şəkildə əldə etməyə imkan vermir.
Plastır sintetik DNT əsasında hazırlanmış aptamer adlanan sensorlardan istifadə edir. Bu aptamerlər antibiotikin hədəf molekulları ilə birləşir. Onlar dərinin altından maye nümunələri götürən mikroiynələr üzərində yerləşdirilib. Prosedur demək olar ki, ağrısızdır.
Plastırın klinik sınaqları ölçmələrin yüksək dəqiqliyini nümayiş etdirib. Professor Castin Qudinqin sözlərinə görə, bu texnologiya pasiyentin vəziyyətini real vaxt rejimində izləməyə imkan verir, tibbi müdaxilələrin vaxtında həyata keçirilməsini təmin edir və müalicənin ümumi təhlükəsizliyini artırır.
Tədqiqatçıların bildirdiyinə görə, aptamer texnologiyası universaldır və digər dərman preparatlarının, eləcə də xəstəlik markerlərinin, o cümlədən sepsisin monitorinqi üçün uyğunlaşdırıla bilər. İnfeksiya markerlərinin erkən müəyyən edilməsi müalicənin daha tez və dəqiq təyin olunmasına şərait yaradır və bununla da, çoxsaylı insan həyatların xilas edilməsinə imkan verir.
Sənaye ilə tərəfdaşlıq mühüm rol oynayıb. “Nutromics” bu laboratoriya kəşfinin xəstəxanalarda praktik istifadəyə yararlı hazır cihaza çevrilməsinə töhfə verib. Plastırın sınaqları hazırda Avstraliyada reanimasiya şöbələrində davam etdirilir.
“Nutromics” gələn il ABŞ-ın tənzimləyici orqanlarından icazə almağı, həmçinin texnologiyanı kardioloji xəstəliklər də daxil olmaqla digər vəziyyətlərin monitorinqi və təcili yardım şöbələrində pasiyentlərin çeşidlənməsi üçün uyğunlaşdırmağı planlaşdırır.