Parisdə Azərbaycan kinosu nümayiş olunub
Paris, 19 sentyabr, AZƏRTAC
Fransa paytaxtında “Parisdə Azərbaycan kinosu Günü” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Kino Agentliyinin və Azərbaycanın Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir səfirliyin Mədəniyyət Mərkəzində baş tutub.
Kino Agentliyinin Baş direktoru Rəşad Əzizov Azərbaycanda kino və animasiya sahəsində fəaliyyət göstərən studiyaların sayının artdığını və bunun nəticəsində çoxsaylı film və animasiya layihələrinin ərsəyə gəldiyini qeyd edib. O, bu layihələrin həyata keçirilməsi prosesində digər ölkələrlə daha sıx əməkdaşlığın vacibliyini vurğulayıb.
Baş direktor bildirib ki, beynəlxalq kino əməkdaşlığı yalnız film istehsalına deyil, eyni zamanda, xalqlar arasında mədəni dialoqun inkişafına da xidmət edə bilər.
O qeyd edib ki, bu cür əməkdaşlıq mədəniyyət diplomatiyasının mühüm alətlərindən birinə çevrilə bilər. Baş direktor gələcəkdə Fransada Azərbaycan filmlərinin nümayişlərinin daha da artırılmasının arzu olunduğunu bildirib.
Tədbir çərçivəsində “Eyni yağışın altında”, “Bum-Bum” və “İsi və Piti” üç cizgi filmi və XIX əsr Azərbaycan rəssamlığının görkəmli nümayəndələrindən biri olan Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığına həsr edilmiş “Cənnət yuxusu” sənədli filmi təqdim olunub. İrəvaninin həyatının maraqlı məqamlarını əks etdirən ekran əsəri tamaşaçılara Azərbaycan mədəni irsinin mühüm səhifələrindən birini təqdim edib.