Sahib Paşazadə: Qarşıdakı dövrdə yeni kitabların nəşri planlaşdırılır
Bakı, 9 fevral, Günel Alıyeva, foto Orxan Kərimov, AZƏRTAC
Azərbaycan ilə Özbəkistan arasındakı dostluq və qardaşlıq münasibətləri bu gün ən çiçəklənmə, hətta intibah dövrünü yaşayır. Minilliklərdən bu günə qədər uzanan tarixi bağlarımız iki ölkə rəhbərlərinin səmimi münasibətləri sayəsində daha da möhkəmlənir və inkişaf edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist, tarzən, Özbəkistanın mədəniyyət elçisi Sahib Paşazadə bildirib. Onun sözlərinə görə, bu gün təqdimatı keçirilən Zəməxşərinin “Müqəddimətül-ədəb” əsərinin Azərbaycan dilinə tərcüməsi Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü ilə ərsəyə gəlib.
“Əsər filologiya elmləri doktoru, professor Tərlan Quliyevin əski əlifbadan müasir əlifbaya çevirməsi əsasında hazırlanıb və bu, elmi-mədəni əlaqələrin bariz nümunəsidir”, - deyə o qeyd edib.
Gələcək planlardan danışan Sahib Paşazadə bildirib ki, qarşıdakı dövrdə daha bir neçə kitabın nəşri nəzərdə tutulur. Eyni zamanda, müxtəlif ali təhsil müəssisələri, mədəniyyət mərkəzləri və digər qurumlarla əməkdaşlıq barədə memorandumlar imzalanıb.
“Bu kimi təşəbbüslər mədəni əlaqələrə son dərəcə müsbət təsir göstərir. Daşkənddə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi artıq illərdir uğurla çalışır və onun fəaliyyəti nəticəsində Azərbaycanın ədəbiyyat və mədəniyyətinə dair çoxsaylı kitablar özbək dilinə tərcümə edilərək nəşr olunub. Bundan əlavə, Özbəkistanın müxtəlif ali təhsil müəssisələrində Azərbaycan mütəfəkkirlərinin adına auditoriyalar açılıb”, – deyə Sahib Paşazadə əlavə edib.