“Şərq-Qərb Kino Lab” bədii film layihələrinin inkişaf proqramı elan edilib
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycan Kinematoqrafçılar İttifaqı, Fransanın Azərbaycandakı İnstitutu və Fransanın ölkəmizdəki səfirliyi ilə əməkdaşlıq çərçivəsində beynəlxalq “Şərq-Qərb Kino Lab” tammetrajlı bədii film layihələrinin inkişaf proqramını elan edib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.
Bildirilib ki, proqramın məqsədi gənc və təcrübəli azərbaycanlı kinematoqrafçıların bədii film layihələrini beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdirmək, onları peşəkar mentorluq və təlimlər vasitəsilə beynəlxalq platformalara hazırlamaqdır. Seçilmiş iştirakçılar layihələrini strukturlaşdırmaq və gücləndirmək, onları təqdimata hazır vəziyyətə gətirmək imkanı əldə edəcəklər. Ustad dərsləri və mentorla təkbətək görüşlər vasitəsilə seçilmiş layihələr inkişaf və təqdimat mərhələləri üçün peşəkar dəstəklə təmin olunacaq, eyni zamanda, iştirakçılar beynəlxalq film peşəkarları ilə şəbəkələşmə imkanı qazanacaqlar.
Layihəyə azərbaycanlı prodüser və rejissor olaraq komanda halında, inkişaf mərhələsində olan tammetrajlı bədii film layihələri ilə müraciət edə bilərlər (seçilmiş layihənin ssenari müəllifi dinləyici kimi qoşula bilər). Rejissor layihənin müəllif hüquqlarına sahib olmalıdır (ssenaristin razılığı tələb olunur). Təlimin dili ingilis dili olduğu üçün layihəni təqdim edən heyətin (rejissor və prodüser) ingilis dilini bilməsi şərtdir (ən azı bir nəfərin) və bütün materiallar ingilis dilində təqdim olunmalıdır.
Bu, bədii tammetrajlı film layihəsi üzərində işləyən, loqlayn, sinopsis və tritmenti olan kinematoqrafçılar üçün nəzərdə tutulan bir həftəlik inkişaf proqramıdır. Təlim müddətində iştirakçılara loqlayn, sinopsis və tritmentin inkişafı məqsədilə intensiv dərslər və təkbətək görüşlər keçiriləcək, layihə təqdimatı və pitçinq bacarıqları inkişaf etdiriləcək.
Müraciət etmək istəyənlər bütün məlumatları ingilis dilində, 1 PDF faylında (faylın adı müraciətçinin öz adı ilə adlandırılmalıdır) [email protected] email ünvanına “Şərq-Qərb Kino Lab” başlığı ilə göndərməlidirlər.
Layihəyə müraciət martın 5-də yekunlaşır. Təlimlər aprelin 8-14-də baş tutacaq. Pitçinqdə qalib olan layihələr onların inkişafı etdirilməsi məqsədilə texniki, maddi və təşkilati dəstək alacaqlar.