Ayaz Mirzəyev: Amnistiya aktı dövlətin gücünün mərhəmət və sosial ədalətlə vəhdətini göstərir
Bakı, 9 fevral, Səbinə Əlizadə, AZƏRTAC
“Konstitusiya və Suverenlik İli” çərçivəsində qəbul edilmiş amnistiya aktı dövlətin hüquqi və humanist yanaşmasını aydın şəkildə əks etdirən mühüm siyasi-hüquqi addımdır.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev deyib.
Onun sözlərinə görə, bu amnistiya aktı, ilk növbədə, dövlətin hüquqi gücünü humanizm, sosial məsuliyyət və konstitusion dəyərlər üzərindən reallaşdırdığını nümayiş etdirir. Aktın məhz “Konstitusiya və Suverenlik İli”ndə qəbul olunması xüsusi rəmzi məna daşıyır və göstərir ki, suverenlik təkcə sərt hüquqi mexanizmlərlə deyil, eyni zamanda, vətəndaşa ikinci şans vermək iradəsi ilə ölçülür.
A.Mirzəyev qeyd edib ki, on minlərlə insanı əhatə edən bu qərar dövlətlə cəmiyyət arasında etimadın daha da möhkəmlənməsinə xidmət edir və real, ölçüləbilən müsbət nəticələr vəd edir. Xüsusilə Vətən müharibəsi iştirakçılarının və sosial baxımdan həssas qrupların amnistiya aktına daxil edilməsi cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu yanaşma hüquqi dövlət anlayışının sosial ədalətlə tamamlandığını aydın şəkildə ortaya qoyur.
Birlik sədri vurğulayıb ki, “ikinci şans” anlayışı onun üçün cəzanın sadəcə ləğvi deyil, insanın bərpası, islahı və cəmiyyətə yenidən inteqrasiyası deməkdir. Bu isə həm təkrar hüquqpozmaların qarşısının alınmasına, həm də vətəndaşın dövlətə qarşı məsuliyyət hissinin güclənməsinə mühüm töhfə verir.
“Bu amnistiya aktı təkcə hüquqi sənəd deyil, dövlətin vətəndaşına ünvanladığı açıq etimad mesajıdır. Bu mesaj ondan ibarətdir ki, Azərbaycan dövləti güclüdür, eyni zamanda, ədalətli və mərhəmətlidir. Məhz bu balans sağlam cəmiyyətin və güclü hüquqi dövlətin əsasını təşkil edir”, – deyə Ayaz Mirzəyev bildirib.