CƏMİYYƏT
Jurnalistlər Hadrutda yaşı 900 ildən çox olan Şərq çinarını ziyarət ediblər VİDEO
Bakı, 28 aprel, Rauf Hacıyev, AZƏRTAC
Aprelin 28-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələrinin Füzuli və Xocavənd rayonlarına səfəri başa çatıb.
AZƏRTAC xəbər verir ki, səfər zamanı kütləvi informasiya vasitələri nümayəndələrinin son dayanacağı işğaldan azad edilmiş Xocavənd rayonunun Hadrut qəsəbəsi olub.
Jurnalistlər Hadrutda yaşı 900 ildən çox olan Şərq çinarına baxış keçiriblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev Jurnalistlərə açıqlamasında bildirib ki, Hadrut qəsəbəsində təbiət abidəsi kimi qeydə alınan, diametri 450 santimetr, hündürlüyü 40 metr olan Şərq çinarı ermənilər tərəfindən məhv edilməyib.
Bildirilib ki, Xocavənddə bu cür 12 təbiət abidəsi var, onlardan 7-si Şərq çinarıdır. Bu təbiət abidələri Azərbaycan SSRİ Nazirlər Sovetinin 1982-ci il 167 saylı qərarı ilə təbiət abidələri siyahısına daxil edilib. Monitorinq aparılan ərazilərdə 3 belə Şərq çinarının kəsilmədən saxlanıldığı aşkarlanıb. Əvvəlki ekspedisiyalardan məlum olub ki, Füzuli, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarında təbiət abidəsi kimi qeydə alınan 138 təbiət abidəsindən 123-ü kəsilib. Onlardan da 117-si Şərq çinarıdır. Həmin rayonlarda olan təbiət abidələrinin demək olar ki, hamısı kəsilib yandırılaraq məhv edilib. Hadrutda olan 3 Şərq çinarı isə turistləri cəlb etmək üçün qorunub saxlanılıb. Bu, onu deməyə əsas verir ki, ermənilər Hadrut qəsəbəsində yaşadıqları üçün buradakı təbiət abidələrindən turizm məqsədilə yararlandıqları üçün onları məhv etməyiblər. Yaşamadıqları ərazilərdə isə, hətta yaşı 1400-dən çox, hətta 2000 ilə yaxın olan təbiət abidələrini məhv ediblər. Mənfur düşmənin bu ərazilərdə abidələri məhv etməkdə məqsədi həmin ərazilərdə azərbaycanlıların izlərini silmək olub.