CƏMİYYƏT
Suraxanı və Sabunçu rayonlarında narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb VİDEO
Bakı, 3 may, AZƏRTAC
Suraxanı və Sabunçu rayonlarında narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirilib. Əməliyyat zamanı rayonun inzibati ərazisinə daxil olan kənd və qəsəbələrdə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Süleyman İsmayılov və Firudin Külmanov tutularaq rayon polis idarəsinə gətiriliblər. Onların hər birindən 1 büküm narkotik vasitə heroin aşkarlanıb. Bu şəxslər ifadələrində narkotik vasitələri Zığ qəsəbəsində Cəlal adlı şəxsdən aldıqlarını bildiriblər. Keçirilən əməliyyat zamanı həmin şəxs, əvvəllər məhkum olunmuş Cəlal Abdullayev də saxlanılıb. Onun üzərindən və Zığ qəsəbəsində yaşadığı evdən ümumilikdə 2 kiloqrama yaxın heroin, 240 qram metamfetamin və 39 ədəd satışı qadağan olunan tramadol həbi aşkar olunub.
Bu şəxs narkotik vasitələri onlayn yolla xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə aldığını bildirib.
Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Hüseyn Musayev Nardaran qəsəbəsində saxlanılıb. Onun üzərindən və idarə etdiyi avtomobildən ümumilikdə 1 kiloqram 360 qram heroin aşkar edilib. Bu şəxs ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Adları sadalanan şəxslər barəsində Suraxanı və Sabunçu Rayon Polis idarələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, habelə, Nazirliyin 102 - Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.