CƏMİYYƏT
Səbail rayonunda evlərdən oğurluq edən şəxslər saxlanılıblar VİDEO
Bakı, 3 may, AZƏRTAC
Paytaxtın Səbail rayonu ərazisində yerləşən evlərdən oğurluq edən şəxslər saxlanılıblar.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş Hüsü Quliyev və Aslan Əsgərov tutulublar. Bu şəxslər Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən üç mənzildən ümumi dəyəri 5 min manata yaxın olan təmir-tikinti və məişət alətləri oğurlayıblar.
Qeyd edək ki, saxlanılan şəxslərdən biri Hüsü Quliyev məhkum olunub. O, məhkumlar üçün nəzərdə tutulan elektron qolbaqla təchiz edilib. Buna baxmayaraq H.Quliyev oğurluq etdiyi üçün yenidən saxlanılıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb.
Saxlanılanların digər cinayət əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına, habelə nazirliyin 102 - Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.