İQTİSADİYYAT
Formula 1 yarış həftəsində dənizkənarı bulvar ərazisi şəhər sakinlərinin istifadəsi üçün açıq olacaq VİDEO
Bakı, 26 may, AZƏRTAC
Formula 1 yarış həftəsində dənizkənarı bulvar ərazisi şəhər sakinlərinin istifadəsi üçün açıq olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar trekin keçdiyi yollarda nəzərdə tutulan nəqliyyat əməliyyatlarına dair Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH), Bakı Nəqliyyat Agentliyi (BNA) və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) birgə keçirdiyi brifinqdə deyilib.
Bildirilib ki, yarış həftəsi ərzində şəhər sakinləri trek ərazisində yerləşən yeraltı keçidlərdən və həmçinin trekin müəyyən yerlərində quraşdırılan yerüstü keçidlərdən istifadə edə biləcəklər. Bu yerüstü keçidlər Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin və Neftçilər prospekti ilə Rəşid Behbudov küçəsinin, Xaqani ilə Rəşid Behbudov küçələrinin və Azadlıq prospekti ilə Xaqani küçəsinin kəsişmələrində yerləşir. Bundan başqa, bu il Formula 1 yarışı tamaşaçısız keçirildiyi üçün dənizkənarı bulvar ərazisi bağlı olmayacaq və şəhər sakinləri yarış həftəsinin bütün günlərində bu ərazidən günboyu istifadə edə biləcəklər.