CƏMİYYƏT
17 iyun - Azərbaycanda səhiyyə işçilərinin peşə bayramıdır
Bakı, 17 iyun (AZƏRTAC). İyunun 17-si Azərbaycanda səhiyyə işçilərinin peşə bayramıdır.
Tibb işçiləri bu bayramı ulu öndər Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamı əsasında qeyd edirlər.
Respublikamızda son illər baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Son illər səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və başqa geniş miqyaslı tədbirlər həyata keçirilmişdir. Bu da öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaratmış və beynəlxalq miqyasda Azərbaycan səhiyyəsinin nüfuzunun nəzərəçarpacaq dərəcədə artmasına səbəb olmuşdur.
Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində 500-dən artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisələri müasir avadanlıqlarla təmin olunmuşdur. Dövlət başçısının müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqlarla təmin olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunmasını, müalicəsini, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsini, xüsusilə uşaqların bütün tibbi xidmətlərə ən yüksək səviyyədə əhatə olunmasını və səhiyyə sahəsində digər islahatların başlıca istiqamətlərini təşkil edir.
Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Fond diabetli, talassemiyalı xəstələrə qayğısında və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atmışdır.
Səhiyyəmizin dünya standartları üzrə inkişafının əsas istiqamətlərindən biri tibbi təhsil və kadr islahatıdır. Tibb işçilərimizin bilik və peşə bacarıqlarının artırılmasına Səhiyyə Nazirliyi tərəfindən xüsusi diqqət yetirilir.
Azərbaycan səhiyyəsinin beynəlxalq aləmə inteqrasiyası artır və əlaqələri genişlənir. 2011-ci ilin sentyabr ayında Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci Sessiyasının Bakıda keçirilmiş və Azərbaycan bu qurumun İcraiyyə Komitəsinin üzvü seçilmişdir. Bu, Azərbaycanın bir dövlət kimi beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasının məntiqi nəticəsidir.