İQTİSADİYYAT
17 may - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür
![](/files/galleryphoto/2016/2/1200x630/1463481604189316455_1200x630.jpg)
![](/files/galleryphoto/2016/2/1200x630/14634816044416122207_1200x630.jpg)
![](/files/galleryphoto/2016/2/1200x630/14634816043344815473_1200x630.jpg)
![](/files/galleryphoto/2016/2/1200x630/1463492274939739067_1200x630.jpg)
![](/files/galleryphoto/2016/2/1200x630/14634922744657626933_1200x630.jpg)
Bakı, 17 may, AZƏRTAC
17 may - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür.
AZƏRTAC xəbər verir ki, mayın 17-də Rabitə və Yüksək Texnologiyaları Nazirliyi (RİTN) "ADA" Universiteti ilə bununla bağlı tədbir keçirib.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bu günün əhəmiyyəti, İKT-nin cəmiyyətdə rolu, iqtisadi və sosial inkişafa təsiri barədə məlumat verib. Diqqətə çatdırılıb ki, İKT bütün sahələrdə geniş tətbiq olunur. Hazırda əhalinin 75 faizi genişzolaqli internetdən istifadə edir.
Bildirilib ki, bu günün qeyd olunmasında məqsəd informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin cəmiyyətlərə və ölkələrə verdiyi imkanlar barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək etməkdən ibarətdir.
Tədbir çərçivəsində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Houlin Zhaonun video-müraciəti dinlənilib.
"Sosial inkişaf üçün İKT sahibkarlığı" mövzusunda panel iclasda İKT sahibkarlığın inkişafı, bu məqsədlə dövlət tərəfindən yaradılmış şərait, texnoloji parkların formalaşdırılması və inkişafı barədə geniş müzakirələr aparılıb.
Çıxış edənlər ölkəmizdə startap hərəkatının genişlənməsi, innovativ ideyaların dəstəklənməsinin vacibliyini vurğulayaraq bu sahədə elm və təhsil müəssisələrinin rolunu qeyd ediblər. İnformasiya texnologiyaları üzrə ixtisaslı kadr hazırlığının vacibliyi vurğulanıb və bu sahədə təcrübə bölüşülüb.
Təhsil nazirinin müavini Firudin Qurbanov ölkədə keçirilən belə olimpiadaların tələbələrin öz bilik və bacarıqlarını nümayiş etdirməyə, Azərbaycanın kadr hazırlığına töhfə verdiyini vurğulayıb.
Sonra 17 may - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan "Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası"nın qalibləri mükafatlandırılıb. Olimpiadada Bakıda yerləşən universitetlərlə yanaşı, Naxçıvan, Gəncə, Mingəçevir, Sumqayıt dövlət universitetlərinin, Azərbaycan Texnologiya Universitetinin tələbələrindən ibarət ümumilikdə 22 ali təhsil müəssisəsindən 55 komanda iştirak edib. 13 komanda ən yaxşı nəticə göstərərək final mərhələyə vəsiqə qazanıb.
Nəticələrə əsasən, Qafqaz Universitetinin komandasi 1-ci, Bakı Ali Neft Məktəbinin komandası 2-ci, eyni xal toplamış Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinin komandaları 3-cü, Milli Aviasiya Akademiyasının və "ADA" Universitetinin komandaları 4-cü yeri tutublar. Region komandaları arasında ən yaxşı nəticə Azərbaycan Dövlət Aqrar Universitetinin komandası göstərib.
Qaliblər RYTN-in Fəxri fərmanı və diplomları ilə, həmçinin "HP", "Azerfon", "Caspian Telekom" şirkətləri tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Azərbaycanın İKT sahəsində güclü kadr ehtiyatlarının mövcud olduğunu deyən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov belə olimpiadaların keçirilməsinin təqdirəlayiq olduğunu bildirib. Rektor qalibləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, hər il dünyada 17 may ilə əlaqədar silsilə tədbirlər təşkil olunur. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən elan edilən müvafiq mövzu ətrafında geniş fikir mübadiləsi aparılır.