CƏMİYYƏT
FHN: Ötən sutka ərzində 77 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib VİDEO
Bakı, 6 iyul, AZƏRTAC
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 77 halda yanğına çıxış, 8 halda köməksiz vəziyyətdə qalma və 2 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 12 nəfər, o cümlədən dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib, 1 nəfərin intihara cəhdinin qarşısı alınıb, digər intihara cəhd halında isə Gəncə şəhərində vətəndaş özünü körpüdən ataraq ağır xəsarətlər alıb.
Bundan başqa, Daşkəsən rayonunda çətin keçilən qayalıq ərazidə ehtiyatsızlıqdan hündürlükdən dərəyə düşən 1985-ci il təvəllüdlü Ağayev Elnur Abdulla oğlunun cəsədi mürəkkəb relyef şəraitində həyata keçirilən xilasetmə tədbirləri nəticəsində ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.
Həmçinin ötən gün məlumat verildiyi kimi, Füzuli rayonunun Qarazalı kəndində (Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində) düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında baş vermiş yanğının söndürülməsi məqsədilə nazirliyin Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla zəruri tədbirlər davam etdirilir.
Əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində tədbirlər fasiləsiz həyata keçirilir.