REGİONLAR
Xaçmazda “Şəhidlər bulağı” istifadəyə verilib VİDEO
Xaçmaz, 14 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 14-də Xaçmazda “Şəhidlər bulağı” istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni inşa olunan bulaq kompleksində Vətən müharibəsi şəhidləri Rauf Babayev, Davud Hacıyev, Kərəm Veyisov, Rəşad Səfərəliyev və Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan Elvin Mirzəyevin xatirəsi əbədiləşdirilib.
“Şəhidlər bulağı”nın açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların nümayəndələri, Vətən müharibəsi iştirakçıları, şəhidlərin ailə üzvləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə şəhidlərin məzarlarını ziyarət edib, torpaqlarımızın azadlığı uğrunda canından keçən oğullarımızın ruhuna dualar oxuyublar.
“Şəhidlər bulağı”nın açılış mərasimində vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də ölkəmizə qarşı başladığı növbəti təxribatçılıq əməllərinə cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində düşmən ağır məğlubiyyətə uğradı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı Zəfəri ilə başa çatdı, əzəli Qarabağ torpaqlarımız erməni faşizmindən azad olundu.
Çıxış edən şəhid anaları və qazilər bildirib ki, Vətən müharibəsində düşmənə qan udduran igidlərimiz ölümün gözünə dik baxdılar. Otuz ilə yaxın işğal altında olan torpaqlarımız onların qəhrəmanlıqları nəticəsində azad edildi.
Xüsusi memarlıq formasında inşa edilən “Şəhidlər bulağı”nın ətrafı abadlaşdırılıb, burada Azərbaycan və Türkiyə bayraqları yanaşı dalğalanır.