Gənclər arasında narkotik vasitələrin təbliği və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulublar VİDEO
Bakı, 23 iyul, AZƏRTAC
Abşeron Rayon Polis İdarəsinin Qobu polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz odlu silah-sursat gəzdirən və narkotik vasitələr saxlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat məlumatı əsasında həyata keçirilən tədbirlər zamanı əvvəllər məhkum olunmuş Mirzəcan Babayev Hökməli qəsəbəsi ərazisində tutulub. Onun üzərində axtarış aparılan zaman qundağı və lüləsi kəsilmiş ov tüfəngi, 7 patron, heroin və psixotrop maddə olan metamfetamin aşkarlanıb. Saxlanılan şəxs ifadəsində üzərindən aşkarlanan silah-sursat və narkotik vasitələrin ona məxsus olduğunu etiraf edib.
Mirzəcan Babayevlə bağlı həyata keçirilən əlavə əməliyyat tədbirləri zamanı onun Qobu polis bölməsinin inzibati ərazisində bir neçə oğurluq hadisəsi törətdiyi də məlum olub.
Faktla bağlı Qobu polis bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Saxlanılan şəxslə bağlı əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı Novxanı qəsəbəsində gənclər və yeniyetmələr arasında narkotik vasitələrin təbliği və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs - əvvəllər məhkum edilmiş Həşim Paşayev də saxlanılıb. Onun üzərindən heroin və metamfetamin aşkar olunub. Saxlanılan şəxslə Abşeron Rayon Polis İdarəsində əməliyyat-istintaq tədbirləri həyata keçirilir.