Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

1993 – GƏNCƏ HADİSƏLƏRİ
Azərbaycan televiziyası 1993-cü il Gəncə hadisələrinə həsr olunmuş verilişlər hazırlamışdır. İyunun 4-də efirə getmiş birinci verilişin mətnini oxuculara təqdim edirik.

APARICI: 1988-ci ildən başlayan xalq hərəkatı Azərbaycanın ictimai-siyasi mənzərəsini dəyişməkdə idi. Sovet imperiyası tərkibində 70 illik həyatdan cana doyan xalq azadlıq, müstəqillik şüarları ilə ayağa qarlxmışdı. İmperiya qüvvələri və onların əlaltıları günü-gündən alovlanan bu hərəkatın qarşısını bütün vasitələrlə almağa çalışırdılar. Qarabağın və sərhəd kəndlərimizin erməni silahlı qüvvələri tərəfindən işğalı da məhz həmin günlərdən başladı. Respublikadakı bütün qüvvələri birləşdirmək, azadlığımıza diş qıcamış imperiyaya və onların kölə əlaltıları olan erməni daşnaklarına qarşı çıxmaq əvəzinə, o vaxtkı siyasi qüvvələr kürsü davasına başladılar.

Bir tərəfdə öz hakimiyyətini qoruyub saxlamaq istəyən Ayaz Mütəllibov komandası, digər tərəfdə isə nəyin bahasına olursa-olsun, hakimiyyəti qamarlamaq yanğısı ilə meydana atılan cəbhəçi bəylər Azərbaycandakı siyasi qütbləşməni, qarşıdurmanı daha da gücləndirirdilər. Xocalı faciəsi, Şuşa və Laçının işğalı məhz bu xəyanətkar qarşıdurmanın nəticəsi oldu.

Prezidentlik iddiası ilə bu çirkin oyunlara qoşulan Yaqub Məmmədov öz siyasi naşılığı və bacarıqsızlığı ilə respublikadakı xaosu daha da dərinləşdirdi. Nəhayət, 1992-ci il mayın ortalarında xalqın azadlıq istəklərindən sui-istifadə edən Azərbaycan Xalq Cəbhəsi qaragüruhu Milli Məclisin binasına basqın təşkil etdi və çoxdan arzusunda olduğu hakimiyyəti zorla ələ keçirdi.

Hakimiyyət dəyişsə də, ölkədəki böhranlı vəziyyət dəyişmədi. İqtidara gələn Xalq Cəbhəsi fəallarının vətən, torpaq, qanun, hüquqi dövlət və demokratiya ilə bağlı verdikləri ağız dolusu vədlər, bəyanatlar unuduldu.

HÜSEYN BUDAQOV \fəlsəfə elmləri namizədi\: Bu hərəkatın başlanğıcında vəziyyətdən istifadə edərək hakimiyyətə gələn insanlar heç bir həyat və siyasi təcrübələri olmadığı halda, dövlət idarəçiliyinin nə olduğunu bilmədikləri halda ölkəni idarə etməyə çalışırdılar. Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi onların gücü ilə bağlı deyildi. O zamanki rəhbərlərin iqtidarsızlığı ilə bağlı idi.

Xalq nicat yolu axtarırdı. Xalq Cəbhəsinin hakimiyyətə gəlməsini xalqımızın saman çöpünə əl atması kimi qiymətləndirmək olar. Belə ki, xalq Cəbhənin daxilində olan sağlam qüvvələrə inanaraq, onların hakimiyyətə gəlməsinə etiraz etmədi. Ancaq Xalq Cəbhəsi hakimiyyətdə olduğu qısa müddətdə istər xarici siyasətdə, istərsə də Azərbaycanın sosial iqtisadi problemlərinin həlli ilə bağlı əhəmiyyətli addım ata bilmədi, iş görmədi. Əksinə, torpaqlarımız əldən getdi, ordu quruculuğuna fikir verilmədi, ölkəmizdə ictimai-siyasi sabitlik təmin edilmədi. Respublikamızda əsl siyasi-iqtisadi böhran yarandı.

Gəncənin özündə çörək növbəsinin ucu-bucağı yox idi. Adamlar axşamdan çörək növbəsinə dururdular ki, heç olmasa, səhər çörək ala bilsinlər. Bu, Cəbhə hakimiyyəti dövründə adamların çəkdikləri əziyyətlərdən biri idi.

ZAHİD ORUCOV\Milli Məclisin deputatı\:Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti laxlayan bünövrə üzərində qurulmuşdu. Şübhəsiz ki, uzaqgörən ekspertlər və siyasətçilər bu hakimiyyətin çox çəkməyəcəyini bəri başdan söyləyirdilər.

1992-ci ildə cəbhədəki uğursuzluqlar və son olaraq Laçının itirilməsi fonunda İsa Qəmbər Ali Sovetin sədri seçildi. Cəbhədəki uğursuzluqlar sayəsində Azərbaycan Xalq Cəbhəsinin hakimiyyət uğrunda mübarizədə qələbə çalması, şübhəsiz ki, son dərəcə absurd və təzadlı idi. Əslində bu, onu göstərirdi ki, xalqın bədbəxliyi üzərində öz xoşbəxtliyini, hakimiyyətini qurmaq mümkün deyildir. Bir il ərzində bütün sahələrdə Azərbaycanın iflası, iqtidarın və bütövlükdə həmin qüvvələrin potensialının nədən ibarət olması özünü göstərdi. Xalq gördü ki, onlar doğrudan da nəyə qadirdirlər.

Həmin bir il ərzində nə baş verdi? Onlar ilk növbədə ordunu kifayət qədər siyasiləşdirmişdilər. Ayrı-ayrı partiyaların çevrəsində formalaşmaqda olan qivvələr hakimiyyət uğrunda mübarizə aparırdılar. Bu, şübhəsiz ki, Azərbaycan xalqını son dərəcə ağır vəziyyətlə üz-üzə qoyurdu.

İkinci bir tərəfdən, dövlət səviyyəsində milli ayrı-seçkilik siyasəti aparılırdı. “Türkün türkdən başqa dostu yoxdur” fəlsəfəsinə söykənən bu qüvvələr, əslində, Azərbaycanda digər vətəndaşların və etnik qrupların, bütövlükdə Azərbaycan xalqının mənafelərini nəzərə almayaraq, etnik separatizmə geniş meydan vermək üçün ideoloji zəmin hazırladılar. Bu isə Azərbaycanın unitar quruluşunu təhlükə qarşısında qoydu.

Üçüncüsü, bu qüvvələr yeni iqtisadi siyasətə keçmək adı altında, əslində, Azərbaycanı bütövlükdə dövlətsizləşdirmək, milli iqtisadiyyatı məhv etmək, onu ayrı-ayrı qüvvələrə, xarici dairələrə vermək istiqamətində fəaliyyət aparırdılar. Milli iqtisadiyyatın əsasını təşkil edən sahələrə laqeyd münasibət, bir sıra mühüm sahələrin dövlətin nəzarətindən tamamilə kənarda qalması sübut edirdi ki, xalq bu vəziyyətə uzun müddət dözə bilməyəcəkdir. Onların hakimiyyətinin müəyyən bir dönəmində adamların jmıx yeməsi, çörək növbələri xalqın yaddaşından hələ də silinməmişdir.

NURƏDDİN BABAYEV \Gəncə ağsaqqallar şurasının üzvü\: Xalq Cəbhəsinə rəhbərlik edənlərin dövlətçilik səriştələri yox idi. Onların hamısı, o cümlədən Etibar Məmmədov, Pənah Hüseynov, İsa Qəmbər və başqaları öz şəxsi mənafelərini güdür, xalq haqqında fikirləşmirdilər.

Ona görə də Azərbaycan bir neçə rayonunu itirdi. Ölkəmizdə özbaşınalıq şəraiti yarandı. O vaxtlar burada Rusiyanın agenturası da işləyirdi. Surət, Rəhim Qazıyev kimiləri öz tərəflərinə çəkirdilər. Bu məsələdə xüsusən Surətin və Rəhim Qazıyevin “fəaliyyətini” qeyd etmək lazımdır. Onlar azərbaycanlı olsalar da, xalqımıza arxadan zərbə vurmuşdular.

Ayaz Mütəllibovun dövləti idarə edə bilməməsi Xalq Cəbhəsinin müvəqqəti də olsa hakimiyyəti ələ keçirməyinə səbəb oldu. Əbülfəz Elçibəy, ola bilsin ki, yaxşı tarix müəllimi idi. Lakin onun dövləti idarə etmək sahəsində bacarığı, təcrübəsi yox idi. Ona görə də Əbülfəz Elçibəyin prezidentliyi dövründə Rəhim Qazıyev müxtəlif fırıldaqlarla məşğul oldu.

ƏLİ ÜMİDOV \Gəncə sakini, mühəndis\: Rusiya ilə eləcə də MDB dövlətləri ilə əlaqəsi olan zavodların, fabriklərin fəaliyyəti birdən-birə dayandı. Siyasi hakimiyyətdə qeyri-sabitlik yaranan kimi, başqa respublikalardan alınan materiallar, avadanlıq Azərbaycana gətirilmədi. Bu, iqtisadi cəhətdən səriştəsizliyin nəticəsi idi.

Siyasi cəhətdən də Xalq Cəbhəsi belə təcrübəsizliyə yol verdi. Qatı düşmənimiz ermənilərlə məsələni həll etmədən, yaxın qonşumuz olan ölkələrin ünvanına danışmağa başladıq. İran İslam Respublikası ilə bütün əlaqələr qırıldı.

Ayrı-ayrı insanların əlində silahlar toplanmağa başlandı. Məsələn, Surət Hüseynovun əlində böyük silah cəmləşdi. Rəhim Qaziyev kimi səriştəsiz müdafiə nazirinin ətrafında böyük qüvvə toplandı. Əlikram Hümbətov da xeyli silah-sursat toplaya bilmişdi. Bunun sayəsində onlar respublikamızı parçalamağa başladılar.

Şəxsi maraqlar ön plana çəkildi. Azərbaycan dövlətinin, xalqının ümumi maraqları ikinci plana keçdi. Bunun nəticəsində rayonlarımız bir- birinin ardınca erməni silahlı qüvvələri tərəfindən işğal olundu. Bu, onun nəticəsi idi ki, hərbi hissələr cəbhə xəttindən çıxarılıb Gəncəyə göndərilirdi. Surət Hüseynovun qoşunları da Agdam bölgəsindən çıxarılıb Gəncəyə gətirildi. Bunun nəticəsində də Dağlıq Qarabağın ətrafındakı rayonlarımız əldən getdi.

APARICI : Vəzifə bölgüsünə başı qarışan cəbhəçilərin respublikadakı siyasi qüvvələri birləşdirməməyi bir yana, onların öz aralarında da birlik yox idi. Xalq Cəbhəsi rəhbərlərinin məhəllə uşaqlarının psixologiyasından uzaq olmayan iddiaları Qarabağda və sərhəd rayonlarımızda vəziyyəti daha da ağırlaşdırdı.

Vətənin belə ağır günündə “bəylərin” az qala hər birinin prezident olmaq iddiası doğrudan da acınacaqlı idi. Rəhim Qazıyev, Surət Hüseynov, Əlikram Hümbətov- Xalq Cəbhəsinin bu üçlüyü daha təhlükəli idi. Qəribədir ki, onların xəyanətkar əməllərindən xəbərdar olan Əbülfəz Elçibəy hakimiyyətin elə ilk aylarından Surət Hüseynovu və Rəhim Qazıyevi baş nazirin müavinləri təyin etdi. Öarabağda bütün səlahiyyətlər Surət Hüseynova verildi. Elçibəyin acizliyinin təzahürü olan bu təyinatlar az keçmədi ki, öz acı bəhrəsini verdi.

AYDIN ƏLİYEV \Humanütar Kollecin direktoru\: Azərbaycanı istəməyən qüvvələr tərəfindən Surət Hüseynova, Rəhim Qaziyevə və başqalarına dövlətdə müxtəlif vəzifələr tutacaqları barədə vədlər verilmişdi. Ona görə də bunlar həmin hadisələrin törədilməsində maraqlı idilər. Bunun da səbəbkarı, yenə də deyirəm, həmin dövrdə iqtidarda olan Xalq Cəbhəsinin səriştəsiz rəhbərləri idi. Əgər onların azacıq da olsa dövlətçilik səriştələri olsaydı, başımıza bu hadisələr gəlməzdi.

4 iyun hadisələri Gəncəni ölü şəhərə çevirmişdi. Respublikamızın ikinci böyük səhəri olmasına baxmayaraq, onun küçələrində adam görünmürdü.

MEHPARƏ HACIYEVA \müəllim\: AXC üzvləri siyasi cəhətdən savadsız, təcrübəsiz və Pənah Hüseynovun özünün dediyi kimi, çayxana uşaqları idilər. Bu təsadüfi adamlar Azərbaycanı idarə etməyi bacarmırdılar. Bundan istifadə edən bir qrup şəxs hakimiyyəti ələ almağa çalışırdı. Bir tərəfdən, Surət Hüseynov artıq Bakını, Azərbaycanı vətəndaş müharibəsi ilə hədələməyə başlamışdı. İkinci tərəfdən, Lənkəranda “Talış-Muğan Respublikası” məsələsi qaldırılmışdı. Həmin vaxtlar artıq kürd, ləzgi problemləri ortaya atılırdı.

NƏRİMAN SALMANOV\Gəncə sakini, mühəndis\: 2 nömrəli ATS-də mühəndis işləyirdim. Həmin dövrdə yaranmış vəziyyətdən istifadə edən bir qrup adam stansiyaya girirdi. Avtomatla silahlanmış həmin adamlar stansiyanın dayandırılmasını tələb edirdilər. Dəfələrlə onlara izah etdim ki, bu stansiya xalqımıza xidmət edir, onu dayandırmaq olmaz. Onlara başa salmağa çalışırdım ki, stansiya dayanarsa, respublikamızın digər bölgələri ilə Gəncənin əlaqəsi kəsilə bilər.

Elə bir vəziyyət yaranmışdı ki, şəhərə çıxmaq mümkün deyildi. Adamların işə gedib-gəlmələri üçün şərait yox idi. Hamı qorxu içərisində yaşayırdı. Təkcə Gəncədə deyil, respublikamızın digər şəhərlərində də belə vəziyyət yaranmışdı. Dövlət rəhbərlərinin ölkəni idarə etmək qabiliyyətlərinin olmaması bu hadisələri doğuran başlıca səbəblərdən idi.

ARİF HƏSƏNOV \Gəncə sakini, iqtisadçı\: Bazarda qarpız satanlar, sürücü işləyənlər dövlət vəzifələrində çalışırdılar. Mən demək istəmirəm ki, həmin adamların insani keyfiyyətləri yox idi. Sadəcə olaraq, onların dövlətçilik, idarəçilik səriştələri yox idi. Onun nəticəsi də, təbii ki, belə olmalı idi. Surət Hüseynovu da əlindəki pullara görə hakimiyyətə gətirdilər. Ondan istifadə etməyə çalışdılar. Surət Hüseynovun ixtiyarında xeyli miqdarda qoşun hissələri, silah-sursat da var idi. Elə buna görə də sonradan nə qədər çalışsalar da, Surət Hüseynovu zərərsizləşdirə bilmədilər. Surət isə onların acizliyini görərək, daha böyük iddiaya düşdü.

APARICI: Cəbhə hakimiyyətinin tərifləyib göyə qaldırdığı Surət Hüseynovun Qarabağ məsələsində Azərbaycan rəhbərliyi ilə yox, Rusiyanın hərbi-siyasi qüvvələri ilə hesablaşmasını, onların buyruğu ilə oturub-durmasını artıq ört-basdır etmək mümkün deyildi. Ona görə də iqtidarda olan cəbhəçilər onlara qənim kəsilmiş polkovniki ram etmək üçün hərəkətə gəlmək istədilər.

ZAUR RZAYEV: 1992-ci ilin noyabrından hakimiyyət üstündə mübarizə qızışdı. Sabiq prezident Elçibəyin bacarıqsızlığını görən onun ətrafındakılar prezident olmaq istədilər. Rəhim Qazıyevi, Surət Hüseynovu, İsa Qəmbəri, Pənah Hüseynovu, Tamerlan Qarayevi, İsgəndər Həmidovu və başqalarını belələrinə misal gətirmək olar.

MÜXBİR: O vaxt bunların hərəsi hakimiyyətdə bir mövqe tuturdu.

ZAUR RZAYEV: Bəli, elə idi. Gördülər ki, prezident öz vəzifəsini icra edə bilmir, o zaman onların könlündən prezident olmaq keçdi. Ancaq onların öz aralarında da münasibət pisləşməyə başladı. Onlar bir-birini irəliyə buraxmaq istəmirdilər. Ona görə də bir-birinə qarşı xəyanət yolu tuturdular.

Həmin adamların arasında birlik yox idi. Elçibəy Surət Hüseynova beş vəzifə vermişdi, onu Milli Qəhrəman etmişdi. Ona görə də digərləri Surət Hüseynova qarşı çıxmağa başladılar. Ağdərə əməliyyatı zamanı Seyfəlidə olan 9 batalyondan 4-nü Ağdərəyə, 5-ni isə Ağdama yolladılar. Heç bir qələbə qazanılmadı. Ağdərə çox çətin vəziyyətdə qaldı. Mən onda Surətin müavini işləyirdim. Məni yaxına buraxmırdılar. Seyfəlidə batalyonlar yaradılanda dedim ki, onlardan bir briqada düzəldək, keçək hücuma. Ancaq onları göndərəndə məni heç yaxına buraxmadılar. O vaxt müdafiə naziri, qərargah rəisi, bütün şöbələrin, idarələrin rəhbərləri Gəncədə əyləşmişdilər. Onların hamısı Surətə kömək edirdi.

Rəhim Qazıyev nazir olanda, avqust ayının əvvəllərində Surət Hüseynovu korpus komandiri qoydular. Bu sərəncamı mən avqustun 13-də almışdım. Bu, əmr idi, mənə bildirirdilər ki, sizin hərbi hissə ikinci ordu korpusunun tərkibindədir. Siz Surət Hüseynova tabesiniz. Mən də Surət Hüseynovu tanımırdım. Məni ona tabe etdilər. O, mülki adam idi, mən isə keçmiş Sovet Ordusunun polkovniki idim. Frunze adına Hərbi Akademiyanı qurtarmışdım. Mən hərbiçi idim, yuxarının əmri mənim üçün qanun idi. Ona görə də Surət Hüseynova tabe oldum. Onunla Gəncədə görüşərkən gördüm ki, cavan oğlandır, heç bir hərbi savadı yoxdur. Bəlkə də mülki işi məndən çox yaxşı bilirdi. Ancaq hərbi işdən xəbəri yox idi.

MÜXBİR: Məqsəd nə idi?

ZAUR RZAYEV:Bəlkə də Rəhim Qazıyev istəyirdi ki, onun əli ilə hamını vursun. Qələbələrimiz olmasın. Bəlkə də belə istəyirdi. Əvvəlcə onların arasında bir o qədər də yaxşı münasibət yox idi. Mən bunun şahidiyəm. Amma nədənsə, sonralar dostlaşdılar. Rəhim rəhmətlik Baba Nəzərli ilə birlikdə Bakıda yığdıqları pulları gətirib verirdilər Surətə. Surət həmin pulları general Şerbaka və başqalarına ötürürdü.

SURƏT HÜSEYNOV: O vaxt mənə vəzifə təklif ediləndə İsa Qəmbər, Pənah Hüseynov, İxtiyar Şirinov da Elçibəyin otağında idilər. Mən etiraz etdim. Onlar mənə dedilər ki, siz bu vəzifəyə razılıq verməlisiniz. Cavab verdim ki, həmin vəzifədə Əlisahib Orucov çalışır, özü də pis işləmir. Nə lazımdırsa, kömək edir. Onun haqqında heç kəs mənfi fikirdə ola bilməz. Onlar mənə dedilər ki, biz Əlisahib Orucova yeni vəzifə təklif etmişik və o, razı olub. Biz onu başqa vəzifəyə keçiririk. Sizdən xahiş edirik ki, onun yerinə keçməyə razılıq verəsiniz.

Mən onlardan bir-iki gün vaxt istədim. Dedim ki, fikirləşməliyəm. Gəlib dost-tanışla məsləhət etdim. Dostlarım mənə dedilər ki, onlar həmin vəzifəni təklif etməklə səni vurmaq istəyirlər. Həmin vəzifə - Qarabağ üzrə Prezidentin səlahiyyətli nümayəndəsi elə vəzifə idi ki, hər adam o vəzifəyə getməzdi, o məsuliyyəti öz üzərinə götürməzdi. Bu, böyük bir məsuliyyət idi.

Bilirsiniz ki, həmin dövrdə Elçibəyin komandası və onun özü respublikada xaos yaratmışdı. Heç bir iş getmirdi. Nə əhalinin yaşayış səviyyəsini yüksəltmək istiqamətində, nə orduya səfərbərlik istiqamətində heç bir tədbir həyata keçirilmirdi. Vəziyyət belə olanda, mən nəalac qalıb həmin vəzifəyə razılıq verdim. Məni həmin vəzifəyə təyin etdilər.

1992-ci ilin payızında Seyfəlidə beş minə yaxın qoşun hazırlandı. Üç ay təlimdən sonra onlar, demək olar ki, döyüşə hazır idilər. Həmin vaxt təlim baxışı keçirildi. Müdafiə naziri Rəhim Qazıyev və qərargah rəisi Nurəddin Sadıqov da dəyət olunmuşdular. Müdafiə nazirliyinin işçiləri də həmin təlimlərə baxışda iştirak edirdilər. Videokamera da gətirmişdilər, təlimin bütün gedişi çəkildi. Mən həmin məsələni dəqiq bilirəm. Həmin kasseti Elçibəy də vermişdilər. Elçibəyin iş otağında həmin videolentə baxıblar. Onlar belə bir söz işlədiblər ki, cavan oğlandır, əlində qoşun, təyyarə, vertolyot var, nə vaxt istəsə, respublikada çevriliş edə bilər.

APARICI: Ölkədəki qarşıdurma güclənir, İqtidardaxili çəkişmələr, Ermənistan silahlı qüvəələrinin aramsız top-güllə atəşləri nəticəsində oda qalanan, Dağlıq Qarabağ və sərhəd kəndlərimiz yaddan çıxırdı. Erməni faşizmi isə Azərbaycandakı bu siyasi çənkişmələrdən ustalıqla istifadə edirdi. Hakimiyyətdəkilərin, Surət Hüseynovun və onu müdafiə edən qüvvələrin xəyanəti tariximizə yeni bir qara səhifə yazdı, vətən qalası Kəlbəcər işğal olundu.

KƏLBƏCƏR SAKİNİ: Mən kənddən çıxanda Kəlbəcərin müdafiəsi uğrunda döyüşlərdə axırıncı nöqtə Murovun ətəyi idi. Bizə dedilər ki, Surətin qoşunu köməyə gəlir. Bunu eşidəndə güman etdim ki, yəqin, bizə kömək edəcəklər. Elə bu an atışma başlandı. Allaha and olsun, göydən güllə yağış kimi yağırdı. Sən demə, atəş açanlar elə Surətin döyüşçüləri imiş. Sonra dedilər ki, Surət Hüseynov və onun döyüşçüləri Bakıya tərəf yollanıblar. Bizim rayonu düşmənə təhvil verən Surət Hüseynovun özü və onun qoşunu idi.

KƏLBƏCƏR SAKİNİ: Biz iki sutka ərzində Yanşaq kəndinə doğru yol gəldik. Kənddə gördük ki, çoxlu maşınlar dayanıb və qabaqda da Surət dayanmışdı. Dedilər ki, bu adam köməyə gəlib. Amma Surətin qoşunu kömək etmək əvəzinə yollarda qalanları da qırırdı.

SURƏT HÜSEYNOV: Qarabağın ağsaqqalı mənəm. Qarabağ şəxsən mənimdir. Ora hər üzünə mənimdir, dövlət tərəfindən bu barədə əmr də var, mən Qarabağa təhkim olunmuşam. Yenə də deyirəm, mən Qarabağı heç kimə verəsi deyiləm. Ermənilər Dağlıq Qarabağı əlborcu götürüblər.

CAVAD BABAYEV (Texnologiya Universitetinin müəllimi): Mən AXC-Müsavat hakimiyyətini Azərbaycan dövlətçiliyi tarixində qara ləkə hesab edirəm. Ona görə ki, onlar bir illik hakimiyyət müddətində istər xalqımızın mənəviyyatına, istərsə də ölkəmizin iqtisadiyyatına ciddi zərbələr vurublar. Onlar naşı olduqları kimi də siyasət yeritdilər. Məhz onların belə naşı siyasəti nəticəsində 1993-cü il iyunun 4-də Gəncə hadisələri baş verdi. Gəncə hadisələrinin baş verməsində Prezident Əbülfəz Elçibəy, İsa Qəmbərov və digərləri başda olmaqla həmin dövrün iqtidarı günahkardır. Çünki onlar hakimiyyətə silahla gəlmişdilər. Hər şeyi zorla həll etmək istəyirdilər. Polkovnik Surət Hüseynov onların sevimlisi idi və onların köməyi ilə hakimiyyətdə yüksək vəzifə tutmuşdu. Sonra da canlarını ondan qurtarmaq üçün, - çünki qorxdular ki, Surət Hüseynov prezident olacaq, ona qarşı silah işlətmək istədilər, lakin bacarmadılar. Onların öz əli ilə silahlanmış, güclənmiş Surət Hüseynov onları tank və silah gücü ilə məğlub etdi. Nəticədə xalqımıza böyük ziyan dəydi.

Ən böyük səhv ondan ibarət idi ki, AXC-Müsavat hakimiyyətinin yaratdığı şərait nəticəsində Rusiya kimi nəhəng bir dövlət bizdən üz döndərdi, ən yaxın qonşumuz İran bizdən üz döndərdi. Digər dövlətlərlə də Azərbaycan arasında yaranmış gərginlik nəticəsində respublikamız xarici aləmdən təcrid olundu. Nəticədə erməni şovinistləri, millətçiləri bundan məharətlə istifadə etdilər və torpaqlarımız işğal olundu. Bir milyondan artıq soydaşımız dədə-baba torpaqlarımızdan didərgin salındı.

APARICI: Mayın ortalarında respublikada vəziyyət daha da gərginləşməyə başladı. İqtidar Gəncədə fövqəladə vəziyyət elan etsə də, oradan gələn həyəcanlı xəbərlərin ardı-arası kəsilmirdi. Eyni zamanda Füzuli, Tərtər, Ağdam, Cəbrayıl, Zəngilan və digər sərhəd rayonlarımıza, eləcə də Naxçıvana Ermənistan silahlı qüvvələrinin hücumu daha intensiv xarakter alırdı. Belə bir vaxtda torpaqlarımızı müdafiə etmək, ölkədə sabitlik yaratmaq əvəzinə, cəbhəçilər baş qatmaq və xalqın diqqətini başqa səmtə yönəltmək ilə məşğul idilər. 1993-cü il mayın 25-də Prezident aparatında Əbülfəz Elçibəyin sədrliyi ilə müşavirə keçirildi. Müşavirədə Əbülfəz Elçibəy ölkə iqtisadiyyatının dağılmasını, Azərbaycanda rüşvətxorluğun, korrupsiyanın, özbaşınalığın dəhşətli vəziyyətə gəlib çatdığını bütün çılpaqlığı ilə etiraf etsə də, artıq gec idi. AXC-Müsavat iqtidarının süqutu qaçılmaz idi.

1993-cü il mayın 25-də Prezident aparatında keçirilmiş müşavirədən xronika

ƏBÜLFƏZ ELÇİBƏY: İxtiyar bəy, sizə bir sualım var. Mən istərdim siz deyəsiniz. Əgər siz bunu deməyəcəksinizsə, bu suala cavab verən tapılmalıdır, bu məsələ burada deyilməlidir. Bu, birbaşa sizə aid olan məsələdir, istəyirəm deyim ki, burda oturanlara da aiddir. Amma istərdim ki, siz cavab verəsiniz. Respublikada rüşvət, talan baş alıb gedir. Nizami demişkən, oğurlanan maldan xəbər yoxdursa, deməli, gözətçinin orada əli var. Bu işlərə polis, prokurorluq, bir də məhkəmə orqanları nəzarət etməlidirlər. Deməli, ölkədə rüşvət və talanın baş alıb getməsində burada oturan adamların əli var. Bunu nə ilə izah edərsiniz? Bax, hamımız buradayıq. Mənə nə cavab verə bilərsiniz ki, sabah camaata deyə bilək?

Demirlər ki, dövlət qurursuz? Qururuq. Kadrlarımız burada oturan bəylərdir, bu xanımlardır, bu yaxşı kişilərdir. A bala, bu ölkəni niyə dağıdırlar? Burada, sizinlə birgə oturanlar deyirlər ki, dədələrinə rəhmət, kommunistlərin vaxtında rüşvət bu qədər deyildi. Rüşvət bir belə deyildi. Vaxtilə rüşvətə görə hamı cəza alırdı, bunu bilirsiniz.

İndi yaranmış bu biabırçı vəziyyətin səbəbini mənə izah edin. Gəlin bunun səbəbini tapaq, sabah xalqın qarşısına çıxaq, qəzetdə də yazaq ki, ay xalq, bunun səbəbi bu idi. Mən bunun səbəbini izah edə bilmirəm. Xahiş edirəm, çıxış edənlərin çoxu bu suala cavab versin. Rəhbər işçilərdən kim burada danışacaqsa, cavab versin.

İbrahim bəy də buradadır, xətirinizə dəyməsin, Gömrükxana dağılır, Xarici İqtisadi Əlaqələr Nazirliyi dağılır, nə bilim, benzin, neft, yanacaq satılır, bir hissəsi dağıdılır. Burada oturan bəylərin və xanımların və mənim hesabıma respublika o günə gəlib çatıbdır ki, Azərbaycanın bəzi rayonlarında benzin tapılmır, amma Azərbaycan benzini aparılıb Ermənistanda satılır, özü də külli miqdarda pula. Bunu adi vətəndaşlar da bilir. Özü də hamımız deyirik ki, Azərbaycanı dağıdıblar. Burada oturanların çoxu da birtəhər olsaydı, canımız qurtarardı. Bunlar - Xalq Cəbhəsi birtəhər olsaydı, canımız qurtarardı.

Bu vəziyyət cəmiyyətimizdə yaranmış böyük bir bəladır və hüquq mühafizə orqanları buna cavab verməlidirlər. Heç kim yığdığını axıra kimi yeməyəcək. Bunu birdəfəlik aydınlaşdırmaq lazımdır. Əgər bu xalq azadlıq və demokratiya uğrunda mübarizəyə qalxıbsa, böyük imperiyadan canını qurtara bilibsə, bir gün gələcək ki, aramızda olan bəzi adamlardan da yaxasını qurtara biləcəkdir. Xahiş edirəm, bunu izah edəsiniz - prokurorluq da, məhkəmə də, polis orqanları da. Bu üç orqandan kənarda heç nə ola bilməz. Bu üç təşkilatın bilmədiyi şey yoxdur. Xahiş edirəm ki, bu gün buna cavab tapılsın. Bilim ki, bu ölkə dağılıbdır və biz camaata nə cavab verəcəyik.

ABDULLA ALLAHVERDİYEV (Daxili işlər naziri): Çıxışıma başlamamışdan qabaq sizin toxunduğunuz ən vacib məsələyə öz münasibətimi bildirmək istəyirəm. Tutduğunuz irad tamamilə doğrudur. Bununla əlaqədar, respublikamızın Gürcüstan və Ermənistanla sərhəd rayonlarında bir neçə polis işçisi nəinki vəzifələrindən götürülüb, mənim tərəfimdən daxili işlər orqanlarından uzaqlaşdırılması üçün sənədlər toplanılıbdır. Həmin materiallar aidiyyatı üzrə prokurorluğa göndəriləcəkdir. Belə hallar olub, hazırda yenə də var, qarşısını almaq üçün tədbirlər görürük.

Ağstafa dəmir yolu polis şöbəsinin rəisi Həsən Hüseynov yuxarıdakı havadarlarından aldığı tapşırıqlar nəticəsində belə hallara çox yol veribdir. Ona görə də mənim əmrimlə o, nəinki daxili işlər orqanlarından xaric edildi, onun haqqında toplanmış materiallar dəmir yolu prokurorluğuna göndərilibdir. Aldığım axırıncı məlumata görə, nəqliyyatda baş polis idarəsi rəisinin müavini Fuad Səmədovun da bu işdə müəyyən günahı var. Bu günlərdə onun daxili işlər orqanlarından xaric edilməsi barədə əmr imzalanacaqdır.

Hüquq mühafizə orqanlarının fəaliyyəti mürəkkəb ictimai siyasi, sosial iqtisadi dəyişikliklər, erməni təcavüzünün davam etdiyi döyüş əməliyyatları zonasında gərginliyin artdığı, kriminogen durumun daha da kəskinləşdiyi şəraitdə həyata keçirilir. Cinayətlərin dinamikasında və strukturundakı mənfi təmayül qalmaqdadır. Ölkədə zorakılıq və qəddarlıq güclənir, silahlı formalarda cinayətlər, terrorizm geniş yayılır, iqtisadi sahələrin kriminallaşması davam edir.

ƏBÜLFƏZ ELÇİBƏY: Bir vaxt Azərbaycandan benzinin, yanacağın kənara çıxarılmasının Gürcüstandan, respublikamızdan, Ermənistanda olan iştirakçılarının kimliyi barədə məlumat vardı. Həmin sənədin taleyi necə oldu?

FƏXRƏDDİN TƏHMƏZOV (Milli təhlükəsizlik naziri): Deməli, bizdə məlumat var, aşkar etmişik ki, respublikamızın ərazisindən çıxarılan benzin Tbilisidə yaradılmış bir neçə müəssisəyə aparılıbdır. Amma bu müəssisələrin adı kağızdadır.

ƏBÜLFƏZ ELÇİBƏY: Deməli, yanacağı Azərbaycandan aparanlar cinayətkarlardır. Xahiş edirəm, həmin sənədi verin prokurorluğa, prokurorluq məsələ qaldırsın, görək, bunu kimlər edibdir.

FƏXRƏDDİN TƏHMƏZOV: O istiqamətdə iş aparılıb. Biz həmin işi prokurorluqla bir yerdə aparırıq. Həmin firmalar aşkar edilib, onların adları ancaq kağızdadır. Onların arxasında Gürcüstan erməniləri dayanır. Buradan gedən bütün mallar Gürcüstan ərazisindən Ermənistana ötürülür.

X X X

APARICI: Özbaşınalıq, hakimiyyətsizlik, ordudakı başı pozuqluq artıq Azərbaycanı fəlakətli bir vəziyyətə gətirib çıxarmışdır. Ölkədəki böhranı aradan qaldırmaq üçün kadr dəyişikliyinə əl atan iqtidar heç nəyə nail ola bilmədi.

ŞAMİL QASIMLI \FƏLSƏFƏ ELMLƏRİ DOKTORU\: Xalq Cəbhəsi liderlərinin hamısı eyni vəziyyətdə - eyni savada, qabiliyyətə, siyasi səviyyəyə malik olduğları üçün bu təşkilatın üzvləri arasında belə bir fikir - “nə üçün o ola bilər, mən ola bilmərəm” fikri yayılmışdı. AXC-Müsavatda gözəçarpan dərəcədə, yüksək səviyyədə inkişaf etmiş, siyasi baxımdan yetişmiş lider yox idi. Elə bir lider yox idi ki, hamı onun arxasınca getsin.

İkinci mərhələdə isə onların arasında ziddiyyət, hakimiyyət davası başlandı. Bax, bu ziddiyyət, hakimiyyət davası Xalq Cəbhəsinin iflasa uğramasına səbəb oldu.

1992-ci ildə Xalq Cəbhəsində ziddiyyətlər kəskinləşdi və Surət Hüseynov məsələsi ortaya çıxdı. Bir var səbəb, bir də var bəhanə. Xalq Cəbhəsinin iflasa uğramasının obyektiv səbəbləri artıq var idi. Surət Hüseynovun meydana çıxması yalnız bəhanə idi. Xalq artıq duymuşdu ki, AXC-Müsavat onu hara, hansı uçuruma aparır.

Mənim yadımdadır, bir dəfə Milli Məclisin iclasında Rəhim Qazıyev etiraf etdi ki, bir çağırışımızla 500 min adam Azadlıq meydanına toplanırdı, indi müəssisələrə 200 avtobus göndərmişik, 1000 nəfər yığa bilməmişik. Artıq bu yaranmış vəziyyətin səbəbləri idi. Xalq cəbhəyə öz inamını, etibarını itirmişdi. İflasın obyektiv səbəbi bu, üstəgəl uydurulmuş milli qəhrəman, uydurma qeyri-adi bir qüvvəyə malik olan Surət Hüseynov idi.

Əvvəla, bir suala cavab vermək lazımdır ki, Xalq Cəhbəsini hansı xalq yaratmışdı? Onun liderlərini Liderlik səviyyəsinə kim gətirib çıxarmışdı? Heç bir xalq, heç bir millət öz nümayəndələrini seçib bu cəbhəni yaratmamışdı. Bir neçə adam qərara gəlib, bu cəbhəni yaradıb, onlar da hər yerdə xalqın adından istifadə ediblər. Onlar xalqın gələcəyi haqqında düşünmək əvəzinə, yalnız onun adından istifadə edirdilər. Bu adamları xalqın taleyi maraqlandırmırdı. Ona görə də ölkədə ağır vəziyyət yarandı. Həmin ziddiyyətli gərgin durum o dövrdə baş alıb getdi.

AQİYƏ NAXÇIVANLI \Fəlsəfə elmləri namizədi\ Respublikamızda xaos artıq Vəzirovun, Mütəllibovun vaxtından başlanmışdı. Ancaq Xalq Cəbhəsi dövründə bu xaos zirvəyə çatmışdı. O dövrdə özbaşınalıq baş alıb gedirdi Bu nədən meydana gəlmişdi? Xalq Cəbhəsinin üzvləri kimlər idi? Mən onları bir-bir təhlil etmək fikrində deyiləm. Ancaq deyərdim ki, onların hər biri kiçik bir pioner qrupuna rəhbərlik etmək bacarığı olmayan adam idi. Onların hansı idarəçilik səriştəsi var idi? Onların hamısı vəzifə iddiasında idi. Ona görə də ölkədə vətəndaş müharibəsi başlandı.

APARICI: Surət Hüseynov Gəncədə rəhbərlik etdiyi hərbi hissə ilə az qala dövlət içərisində bir dövlət yaratmışdı. Surətçilərə qarşı görülən tədbirlər nəticəsiz qalırdı.

Nüfuzunu itirmiş, siyasi iflasa uğramış cəbhəçilərə xalq artıq inanmırdı. Onlar meydanda tək qalmışdılar. Surət Hüseynov da bundan istifadə edərək Gəncədə açıq-aydın meydan sulayırdı. Çəbhəci bəylər isə vəziyyəti düzəltmək üçün plan cızırdılar.

FƏHMİN HACIYEV: Bu gündən etibarən konkret, hərbi qüvvələrə icazə verilsin ki, Gəncə şəhərindən əhalinin çıxarılmasına və orada hərbi əməliyyatın keçirilməsinə imkan yaradılsın. Çünki bu hadisələr daha geniş vüsət alarsa, yaxın bir neçə gün ərzində həmin qüvvələr rayonlara ayaq açacaq, əhalini əli bağlı saxlamaqla hakimiyyəti bu və ya digər formada devirib, öz qeyri-qanuni tədbirlərini həyata keçirəcəklər.

Mən Milli Məclisdən artıq dərəcədə xahiş edirəm ki, Gəncə şəhərinin dinc əhalisi müvəqqəti olaraq çıxarılsın, hərbi qüvvələrə orada hərbi əməliyyat keçirilməsi üçün icazə verilsin.

VƏLİ HACIYEV /Gəncə alüminium oksidi zavodunun şöbə rəisi/ : Yadımdadır, iyun ayının 1-də Gəncə şəhərində fövqəladə vəziyyət elan etmişdilər. Bizim keçmiş direktor Kamal İbrahimov mənə göstəriş vermişdi ki, get buraxılış almağa. Getdim, Fəhmin Hacıyevlə qarşılaşdım. O vaxt bizim müəssisədə üç mindən artıq işçi çalışırdı. Mənə 200 buraxılış vəsiqəsi təqdim edərək dedi ki, bundan artıq verə bilmərəm. Mən ona “Fəhmin müəllim” deyə, müraciət etdikdə o iradını bildirdi ki, mənə Fəhmin müəllim yox, cənab polkovnik de. Sonra onun istədiyi kimi müraciət etdim. Dedim ki, üç min işçisi olan müəssisəyə 200 buraxılış vəsiqəsi ilə nə etmək olar? O dedi ki, mənə dəxli yoxdur, necə bilirsinizsə, elə də işləyin. Yenidən zavoda qayıtdım. Direktora məlumat verdikdən sonra bir neçə işçi ilə milis şöbəsinə getdik. Fəhmin Hacıyev bizi küçədə qarşıladı. Mənə dedi ki, sizin cavabınızı vermişəm, 200-dən artıq buraxılış vəsiqəsi verə bilmərəm. Zavoda qayıtdıq. Yarım saat keçməmiş müəssisəyə bir avtobus avtomat silahlı əsgər gətirildi. Zavodun qarşısındakı meydançada dayandılar. Mən bu silahlı adamlara dedim ki, sizin buradan salamat çıxmağınıza zəmanət verirəm. Bu dəqiqə şəhərdə vəziyyət pisdir. Onlar dedilər ki, biz də bilirik vəziyyət pisdir. Gəlmişik qayda-qanun yaradaq. Onlar zavodda operator otağına girdilər. Fəhlələrlə söhbət zamanı dedilər ki, bu gecə çörək maşınını tutmuşuq. Nə isə, bizə buraxılış vərəqəsi verməli olmadılar.

İyun ayının 3-də mən şəhər dövlət təhlükəsizlik şöbəsinə zəng etdim ki, gəncədə vəziyyət pisdir. Oradan mənə bildirdilər ki, şəhərdə atışma var.

Saat 11 radələrində zavodumuzun arxa tərəfi əsgərlərlə dolu idi. Biz onlara yaxınlaşdıq. Onlar dedilər ki, bizi Fəhmin Hacıyevin göstərişi ilə buraya gətiriblər, Surətin dəstəsi də buradadır. Biz bir-birimizi qırmaq istəmirik. Bizə imkan yaradın, buradan çıxıb gedək. Saat 2-də başqa bir batalyon da gəldi. Mən onların qarşısına çıxdım. Zavodun direktoruna bu barədə məlumat verdim. O dedi ki, qoy gəlsinlər, nə istəyirlərsə qoy etsinlər, canımız birdəfəlik qurtarsın. Hərbi hissə komandirinin qarşısına çıxdım. Dedim, haradan gəlmisiniz. Dedi ki. biz Şəmkir batalyonuyuq, buraya gətiriblər ki, Gəncədə dincələk. Burada bizi öz əsgərlərimizə güllə atmağa məcbur edirlər.

ZAKİR NƏSİROV /General-mayor, Daxili İşlər Nazirliyinin idarə rəisi/ 1993-cü il mayın 31-də axşam saat 10 radələrində daxili işlər naziri Allahverdiyev məni öz iş otağına dəvət etdi. Əməliyyat aparatının rəhbəri olduğuma görə mənə dedi ki, yəqin Gəncədə hansı proseslərin getdiyini bilirsən. Dedim ki, polis əməkdaşı kimi onu bildirə bilərəm ki, orada kriminogen durum gündən-günə ağırlaşır, çətinləşir.

 

Dedim, siz də yaxşı bilirsiniz ki, vəziyyəti çətinləşdirən amillər hansılardır. O dövrdə qeyri-qanuni yolla iqtidara gəlmiş Xalq Cəbhəsi hakimiyyəti əldən vermək istəmirdi. Surət Hüseynov öz ətrafındakı cinayətkarlarla, həbsxanadan buraxdırdığı cinayətkarlarla birlikdə hakimiyyətə gəlmək istəyirdi.

Nazir dedi ki, aprelin 27-də daxili işlər nazirliyinin mərkəzi aparatından bir qrup əməkdaş artıq Gəncə şəhərinə gedibdir. Hər xidmət sahəsi üzrə orada tədbirlər görülür. Orada əməliyyata rəhbərliyi sizin öz üzərinizə götürməyiniz lazımdır. Bu zaman nazirin birinci müavini Qabil Məmmədov da nazirin otağında idi. Nazir dedi ki, Qabillə birlikdə iyun ayının 1-də səhər saat 5-də çıxmalısınız. Həmin gün Qabil Məmmədov başda olmaqla bir neçə əməkdaş Gəncəyə yola düşdük. Gəncədə bizə dedilər ki, Bakıdan Respublika Prokurorluğunun və Milli Təhlükəsizlik nazirliyinin rəhbərliyi Gəncəyə gəlibdir. Buna görə də axşamüstü, yaxud da iyunun 2-də səhər tezdən milli təhlükəsizlik şöbəsində yığıncaq olacaqdır.

Respublika prokuroru İxtiyar Şirinov, milli təhlükəsizlik naziri Fəxrəddin Təhməzov, onun birinci müavini Sülhəddin Əkbərov da orada idilər. Onlarla görüşdük. Əməliyyat aparatının rəhbəri kimi mən qısaca olaraq vəziyyəti onların nəzərinə çatdırdım. Bunun qarşısını almaq üçün hansı tədbirləri görmək lazım olduğunu dedim.

Ayın 4-də səhər tezdən polis idarəsində oturmuşduq. Xəbər gəldi ki, Qabil Məmmədova milli təhlükəsizlik şöbəsindən çıxarkən güllə atıblar, onu tərksilah ediblər, əllərini qandallayıblar. Fəhmin Hacıyev Gəncəçaya tərəf qaçıb, arxasınca güllə atıblar, tuta bilməyiblər. O vaxt bələdiyyə polisi vardı, onun rəisi Mehdi Məmmədovu da Qabillə birlikdə tutub aparmışdılar. Mən bununla əlaqədar milli təhlükəsizlik şöbəsinə zəng etdikdə, oradan bildirdilər ki, bu iki nəfərin tutulmasını bilmirik, amma bizim şöbədən çıxarkən onların arxasınca güllə atılmasından xəbərimiz var.

Şəhərdə ara-sıra güllə səsləri eşidilirdi. İki zirehli döyüş maşını və üç PDM axşamdan atəş açırdı. Kimisə vurmaq məqsədi güdülmürdü. Əhaliyə psixoloji təsir göstərmək məqsədi ilə müxtəlif istiqamətlərdə atəş açırdılar.

Bu vaxt, cinayətkar aləmdə “Zobik” ləğəbi ilə tanınan birisi polis rəisinin otağına keçdi. Onun arxasınca şəhərin axundu, sonralar Gəncə icra hakimiyyətinin başçısı olmuş Hacı Vaqif, - sonradan onu öldürdülər, - daha 7-8 nəfər, bir də həmişə Surətin yanında olan, onun adından danışıqlar aparan, göstərişlərini yerinə yetirən Saday içəri girdilər. Onlar dedilər ki, respublika prokuroru İxtiyar Şirinov və polis idarəsinin rəisi Hacıağa Həsənov 709 nömrəli hərbi hissəyə getməlidirlər. Surət Hüseynov onları öz yanına çağırır. Hacıağa Həsənov dedi ki, mənim Surət Hüseynova tabeçiliyim yoxdur, məni nazir yanına çağıra bilər. Bu vaxt 3-4 avtomatlı içəri daxil oldu. Gördük ki, onlar güc tətbiq etməklə bu adamları aparmaq istəyirlər. İxtiyar Şirinovla Hacıağa Həsənov otaqdan çıxmaq istərkən onlara dedilər ki, silahlarınızı təhvil verin.

 

FAZİL QULİYEV /Daxili İşlər Nazirliyinin İdarə rəisi\:1993-cü il may ayının 25-dən mən Daxili İşlər Nazirliyi işlər idarəsinin rəisi vəzifəsində işə başlamışam. Nazirliyə gələn sənədlər, məlumatlar birbaşa işlər idarəsindən keçir. Alınan məlumatların təhlili göstərirdi ki, Gəncə hadisələri ərəfəsində respublikada vəziyyət olduqca gərgin idi. Ölkədə hərcmərclik, özbaşınalıq hökm sürürdü. İyun ayının 4-də nazirin qəbul otağına gələrkən gördüm ki, burada gərginlik var. Qəbul otağında o vaxtkı Xalq Cəbhəsi icraiyyə komitəsinin, səhv etmirəmsə, sədri Fərəc Quliyev və yanında hərbi geyimdə iki nəfər silahlı şəxs vardı. Onların arasında gedən söhbətdən başa düşdüm ki, Fərəc Quliyev və onunla gələn şəxslər Gəncə hadisələri ilə bağlı silah və rabitə vasitələri əldə etmək üçün gəlmişdilər.

APARICI: İyunun 4-də Gəncə top-güllə səsinə oyandı. Surətçiləri tərksilah etmək istəyən hökumət qüvvələrinin acizliyi bir daha sübut olundu. Surətçilərin qərar tutduqları 709 nömrəli hərbi hissə qanlı toqquşma meydanına çevrildi. Cəbhədə erməni daşnaklarına qarşı döyüşməli olan milli qüvvələr Gəncədə bir-birlərinə silah qaldırdılar. Hərbi hissə dağıdıldı. Ətrafdakı yaşayış binaları gülləbaran edildi.

GƏNCƏ SAKİNİ: Bakidan hərbçiləri göndərdilər ki, sizi Ağdərəyə aparırıq. Bu adla onları Gəncəyə gətirdilər. Onlara dedilər ki, atəş aç. Əmr alanlar soruşdular ki, kimə və nəyə ataq? Onlar öz qardaşlarına güllə atmaq, qardaş qırğını törətmək istəmirdilər.

GƏNCƏ SAKİNİ: Hərbçilərdən soruşurduq ki, siz orada nə üçün durmusunuz? biz uşaqlıyıq, qorxuruq. Dedilər ki, sizlik deyil, nə etdiyimizi özümüz bilirik. Bir də gördük ki, hərbi hissədən tanklar gəlir. Atışma başladı. Biz qaçdıq. Qaçanda anam qaldı. Uşaq qucağımda idi. Qorxurduq. Bizə də deyirdilər ki, heç nədən qorxmayın.

FİRUDİN QASIMOV \Gəncə hava limanının sabiq rəisi\: 1993-cü il iyunun 3-də TU-154 təyyarəsi gəldi. Onların içərisində 300-350 nəfər qədər hərbi qulluqçu var idi. 709 nömrəli hərbi hissəyə getməli idilər. Hərbçilərin yarısı avtobuslara minərək getdilər. Yarısını isə yolda, aeroportun yaxınlığındakı meşəlikdə onları saxladılar. Yolu kəsənlər Surət Hüseynovun adamları idi. Axşam saat 7-8-dən sonra aeroportda atışma başladı. Gecə saat 2-də “Qrad” qurğularından aeroporta atəş açıldı, 1-2 obyekt məhv edildi. Aeroportun bu cür atəşə tutulduğunu görən hərbçilərin bir hissəsi qaçdı.

Bizim 3 ədəd Yak təyyarəmiz vardı. “Azərbaycan Hava Yolları” Dövlət Konserninin rəhbərliyi ilə məsləhətləşdik ki, bu təyyarələri Bakıya göndərmək lazımdır, “Qrad”lardan açılan atəş onları məhv edə bilər.

MÜXBİR: Aeroporta atəş açanlar kimlər idi, Surət Hüseynovun adamları idi?

FİRUDİN QASIMOV: Bəli, Surətin adamları - 709 nömrəli hərbi hissənin döyüşçüləri idilər. Onlar yolları kəsmişdilər. Təyyarəçilər də gəlib gedə bilmirdilər. Mən xahiş etdim ki, Yevlaxdan 3 ekipaj göndərsinlər, Gəncədəki təyyarələr Bakıya aparılsın. Gecə saat 4 radələrində Yevlaxdan təyyarəçilər gəldilər, YAK-40 tipli 3 təyyarəmizi Bakıya apardılar. Surətin adamları uçan təyyarələrə də atəş açırdılar. Biz təyyarəçilərə göstəriş verdik ki, işıqları söndürsünlər, havadakı təyyarəni görmək mümükün olmasın. Beləliklə, biz 3 təyyarəni xilas edə bildik.

İyunun 5-də səhər saat 9-a yaxın yenə də aeroportu qrad qurğularından atəşə tutdular, çoxlu obyektlər dağıtdılar. Hava limanını elə günə salmışdılar ki, onu tanımaq olmurdu. Saat 10 radələrində aeroportda durmaq mümkün deyildi. Bakıdan köməyə gələn iqtidar qüvvələri də aeroportdan qaçmışdılar.

SIRAVİ DÖYÜŞÇÜ: Başımıza açılan bu hoqqabazlığın nə olduğunu özümüz də bilmədik. Bu nə əmr idi? Bütün hərbi hissələr Gəncəyə gəlib tökülmüşdülər. Özləri də bilmirdilər ki, bura nə üçün gətiriliblər. Hərbçilərdən soruşurdum ki, nə üçün gəlmisiniz? Deyirdilər ki, özümüz də bilmirik. Yaxud da deyirdilər ki, gəlmişik buradan Kəlbəcərə, Murova gedək. Onların çoxu mənimlə birlikdə vaxtilə Laçında vuruşan əsgərlər idi. Mən kimə güllə atmalı idim. O da mənim kimi döyüşçüdür, əsgər yoldaşımdır. Onu bilirəm ki, o vaxt ölkə sahibsiz idi, yoxsa erməniləri yerlərində oturda bilərdik. Murovda da mən bunun şahidi oldum. O vaxt ordumuza düzgün rəhbərlik edən yox idi.

BRİLYANT MEHDİYEVA (müəllim): Həmin hadisələrin Gəncə ilə bağlı olması həmişə məndə təəssüf hissi oyadır. Cünki mən əslən gəncəliyəm. Bu hadisələrin baş verməsinin kökü meydanlara kortəbii yığılmış insanların xalq adından danışması, xalq cəbhəsi adında qurum yaratması ilə bağlı idi. Meydanlarda keçirilən toplantılar xalqda çaşqınlıq yaradırdı. Bu çaşqınlıqlar nəticəsində də respublikamızda belə hərc-mərclik oldu. Mən bir müəllim kimi deyirəm ki, o vaxt təhsilimizə də çox böyük zərbələr dəydi. Bütün bunların nəticəsi olaraq, 4 iyun hadisələri yarandı. Nəhayət, belə qərara gəldim ki, Xalq Cəbhəsi iqtidarının heç bir iş görmək, xalq haqqında düşünmək qabiliyyəti yoxdur. Onlar ancaq özlərini düşünürlər. Elə buna görə də onlar gec-tez ölümə məhkum idilər. Biz cəbhə deyilən bir qurumun olduğunu artıq unutmuşuq. Onlar həmişə bizdə ikrah hissi doğurublar.

ARİF RƏHİMZADƏ: 4 iyun hadisələrinin başlıca səbəbkarı o vaxtkı iqtidarın uğursuz fəaliyyəti idi. Mən qısaca belə deyərdim. İndi bəzi müxalifət qüvvələri çalışırlar ki, o məsələni təftiş etsinlər, tamamilə başqa məcraya yönəltsinlər. İş bundadır ki, o vaxtkı mühit məhz belə adamlar yetişdirirdi.

4 iyun hadisələrində Surət Hüseynovu fenomen kimi qarşıya qoymaq istəyirdilər. Amma əslində belə deyildi. Surət Hüseynov tək deyildi,- başqaları da vardı. Yəni o mühit belə şəxsləri yetişdirirdi və hakimiyyətin ən yüksək zirvələrinə gətirirdi. Şübhəsiz AXC-Müsavat iqtidarının səriştəsizliyi, təcrübəsizliyi, dövlətçiliyin nə olduğunu qətiyyən bilməməsi nəticəsində belə hal yaranmışdı.

Surət Hüseynov kim idi? O, dövlətin qapısına belə buraxılmalı adam deyildi. Ancaq bunlar qısa müddətdə Surət Hüseynovu qaldırıb ən uca zirvəyə qoydular. O, qısa müddətdə milli qəhrəman oldu, polkovnik rütbəsi aldı, Əbülfəz Əliyevin səlahiyyətli xüsusi nümayəndəsi, baş nazirin müavini oldu. Sonra bir gün ona dedilər ki, sən yaramırsan, buradan getməlisən. Ancaq təkrar edirəm, bu təsadüfi məsələ deyildi. Surət Hüseynovla bağlı söhbət bütün ölkədə yaranmış vəziyyətin bir hissəsi idi. O vaxt daxildə və xaricdə müxtəlif qüvvələr vardı. Onlar istəyirdilər ki, Azərbaycanı özləri istədikləri yolla aparsınlar. Əlbəttə bu məsələlərdə xarici ölkələrin də təsiri vardı. Ən başlıcası o idi ki, sistemli şəkildə böhran yaranmışdı. Yəni bir sahə üzrə yox, bütün ölkəni iflas bürümüşdü. Keçmiş partiya işçilərinin belə bir kəlamı var: Elə bir vəziyyət yaranıbdır ki, nə aşağıdakılar o qayda-qanunla yaşamaq istəyirlər, nə də ki, yuxarıdakılar onları idarə edə bilirlər. Ölkədə vətəndaş müharibəsi yaranmışdı. Azərbaycanın ərazi bütövlüyünə çox böyük təhlükə yaranmışdı. Təkcə Surət Hüseynov deyildi, bilirsiniz ki, Lənkəran-Talış məsələsi də vardı. Şimal tərəfdə böyük narahatçılıq vardı. Bunların hamısı bütöv ölkəni bürüyən bir böhran idi.

APARICI: Cəbhəçilərin hakimiyyət davası qardaş qanının axıdılması ilə nəticələndi. Surət Hüseynovun dəstələri Bakıya istiqamət götürdülər. Azərbaycan xalqı ağır günləri yaşayırdı.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Romada Yeni Klinikaya HIMSS beynəlxalq akkreditasiya sertifikatı rəsmi olaraq təqdim edilib

Mülki Aviasiya Muzeyində 2 İyun - Mülki aviasiya işçilərinin peşə bayramı günü qeyd edilib

Türkmənistan Elmlər Akademiyasının prezidenti BDU-da olub

Rumıniyada Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Sosial şəbəkələrdə oyuncaq metal tapança satmaq adı altında dələduzluq edən şəxs saxlanılıb

Aramsız yağan yağışlar Astarada sürüşmə zonalarını aktivləşdirib

Bölgələrdə Qəhvəyi mərmər bağacığına qarşı monitorinqlər və mübarizə tədbirləri davam etdirilir

Azərbaycanın və Türkiyənin din xadimlərinin rolunun artırılması barədə fikir mübadiləsi aparılıb

Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın inkişafı müzakirə olunub

Ağdamda istehsal olunacaq ayaqqabılar xaricə də satılacaq

® “STP Şirkətlər Qrupu” Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak edəcək

RF Müdafiə Nazirliyi: Ermənistanla Azərbaycana nizamlanma üçün məcburən vasitəçilik xidmətləri təklif edilir

Çin və Mərkəzi Asiya dövlətləri fövqəladə halların idarə olunması sahəsində əməkdaşlıq edəcək

Azərbaycanın daha bir boksçusu Paris Olimpiadasına lisenziya qazanıb

Cehiz sandığı - şagirdlərdən sosial mesaj

Türkiyə klubu tarixində ilk dəfə Superliqaya vəsiqə qazanıb

Qazaxın azad edilmiş kəndlərində ANAMA-nın bir qrupu və 2 minatəmizləyən maşını fəaliyyət göstərir

Bir çox ölkə Azərbaycanda minatəmizləmə prosesinə maliyyə yardımı ayırmaqla bağlı maraqlarını bildirib

Milli Məclisin bu ilin yaz sessiyasında 61 qanun qəbul edilib

İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər olunub

Milli Məclisin yaz sessiyasında sonuncu iclası keçirilib

Azərbaycan klubu 5 əcnəbi voleybolçu ilə anlaşıb

Avropa Parlamenti korrupsiya girdabından qurtula bilmir

MEK-də “Azərbaycan dövlətçilik tarixində Heydər Əliyev imzası” mövzusunda mühazirə dinlənilib

“Dövlət qulluğu haqqında” Qanuna dəyişiklik edilib

Donald Tramp hətta həbsxanada olsa, seçkilərdə iştirak edə biləcək

Azərbaycan Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiyaya qoşulur

“Toxumluq taxıl sahələrində aprobasiyanın aparılma qaydaları” mövzusunda praktiki təlim keçirilib

Dünyaşöhrətli alim AMEA-da elektron xidmətlər sahəsində görülmüş işlərlə tanış olub

Kənd təsərrüfatı nazirinin müavini Şabranda vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

Üzgüçülük üzrə respublika yarışının qalibləri müəyyən olunub

NATO-nun dörd aylıq genişmiqyaslı hərbi təlimi yekunlaşır

Joze Mourinyo “Fənərbağça”nın yeni baş məşqçisi olacaq

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya daha iki İSO beynəlxalq sertifikatı təqdim edilib

Ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi parlamentdə birinci oxunuşda təsdiqlənib

Azərbaycan avarçəkənləri Qazaxıstanda beynəlxalq turnirdə çıxış edəcəklər

Nobel mükafatı laureatı Əziz Səncər AMEA-TÜBİTAK Koordinasiya Mərkəzində olub

Viktor Orban: Avropa Rusiya ilə müharibəyə hazırlıq mərhələsinə qədəm qoyur

Nazir müavini: Uşağın erkən dispanserizasiyası əlilliyin müəyyən edilməsinə imkan yaradır

“Kür”ün həndbolçusu: Yeni yaranan komanda üçün kuboku qazanmaq uğurlu nəticədir

Gənclər Kitabxanasında Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar görüş

Slovakiyanın Baş naziri Robert Fitso xəstəxanadan buraxılıb

Türkiyə millisi Millətlər Liqasında növbəti qələbəsini qazanıb

Səbail rayonunda nöqsanlar aşkarlanan ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Sumqayıt Uşaq Xəstəxanasında ağır əməliyyat uğurla icra olunub

Bu ilin dörd ayında 84,9 mindən çox pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada aparılıb

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Oğuzda vətəndaşları qəbul edəcək

İranda prezident postuna ilk namizəd qeydə alınıb

AMADA rəsmiləri Avropa Şurasının Təhsil üzrə Məsləhətçi Qrupunun iclasında iştirak ediblər

Lənkəran Regional Elmi Mərkəzində şəhid Mahsun Bağırzadənin yenilənən xatirə guşəsinin açılışı olub

Azərbaycanda “Halal” sertifikatlaşdırma üçün xidmət haqları adam/gün tarifi ilə tənzimlənəcək

İki magistralda elektron tərəzi sisteminin quraşdırılması ilə bağlı nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Azərbaycan millisinin futzalçısı püşkü dəyərləndirib: İndi asan rəqib yoxdur

Futbol üzrə Xaçmaz birinciliyinin qalibləri mükafatlandırılıb

ASK prezidenti: Bioloji təmiz məhsullar sahəsində ölkəmiz böyük potensiala malikdir

Yəməndə radiostansiya binasının vurulması nəticəsində 14 nəfər ölüb

Peter Mixalko: Beynəlxalq humanitar minatəmizləmə fəaliyyəti Azərbaycan vətəndaşlarının qısa müddətdə Qarabağa qayıtması üçün vacibdir VİDEO

Vüsal Nəsirli: Cari ilin yanvar-aprel aylarında 9207 uşağa reabilitasiya xidməti göstərilib

Azərbaycanda it və pişiklərdə quduzluq xəstəliyinə qarşı anticismlərin təyini həyata keçiriləcək

Azərbaycan klubu 6 futbolçusu ilə müqaviləni yeniləyib

SOCAR SARB və “Umm Lulu” yataqlarında iştirak payının 3 faizini alıb

“Sağlam radio” yayıma başlayır

Komitə sədri: Dövlət büdcəsindən təhsil üçün ayrılmış vəsaitin 99,9 faizinin icrası təmin edilib

Azərbaycan Kuboku: Rekordçunun növbəti şansı, “Zirə”nin 10-cu olmaq arzusu

Sabah Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

® “AccessBank” 2023-cü il üzrə audit hesabatını açıqlayıb

Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkənin ətraf mühitin mühafizəsini ali məqsəd kimi gördüyünün göstəricisidir

Ötən il Azərbaycanda ÜDM 1,1 faiz artıb

UEFA reytinqi: “Qarabağ” ölkəsinə ən çox əmsal qazandıran klubların siyahısında ilk “onluğ”a düşüb

Mərkəzi Bank tərəfindən həyat sığortası sahəsinə yeni tənzimləyici qaydalar gətirilib

“Gənc Aqrosahibkarlar” layihəsinin açılışı olub

Parlamentdə ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi müzakirə edilir

“Əmək və Məşğulluq” altsistemi İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin müsabiqəsində “Çempion layihə” seçilib

“Yaradıcı müzakirələr” layihəsinin 2024-cü il üzrə birinci hissəsi Şamaxıda yekunlaşıb

Baş prokuror Ağsuda vətəndaşları qəbul edəcək

Ermənistan gec-tez Xocalı soyqırımını etiraf etmək və üzr istəmək məcburiyyətində qalacaq – AÇIQLAMA

Nazir müavini: Azərbaycanda 2019-cu ilin noyabrından indiyədək 560 uşaq övladlığa götürülüb

“Neftçi” klubu baş icraçı direktoru ilə yollarını ayırıb

Komitə sədri: Uşaqların sağlam ruhda tərbiyəsi kompleks bir işdir və hər birimizin borcudur

Bruneyin Sultanı Hacı Həssənal Bolkiahdan

Olaf Şolts Ukrayna ilə bağlı gözlənilməz bəyanat verib

Fövqəladə Hallar Nazirliyi növbəti şərti yanğın təlimi keçirib

NBA-da ikinci finalçı da bəlli olub

Elçin Əmirbəyov: İnanırıq ki, beynəlxalq ictimaiyyət minatəmizləmə yükünün bölüşdürülməsinə kömək edəcək VİDEO

Metronun stansiya və tunellərinin mikroiqlim şəraitinin yaxşılaşdırılması ilə bağlı yenilik tətbiq ediləcək

Gəncədə “Cücələrim” uşaq festivalı başlayıb

ÜST: Tütün sənayesi gəncləri hədəf alıb

Ş.B.Alxasovun Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanla Pakistanın hərbi sahədə əməkdaşlığının perspektivləri müzakirə edilib

Milli Kitabxanada Xalq artisti Oqtay Zülfüqarova həsr edilmiş kitab sərgisi açılıb

Türkiyə millisinin baş məşqçisi: Bizi Azərbaycan yığması ilə iki kritik oyun gözləyir

Paytaxtda 21 min 530 uşaq məktəbəhazırlıq qruplarını başa vurur

Sabahdan Bakı metrosunun ventilyasiya sistemi yay qrafikinə keçirilir

Seçmə mərhələ: Azərbaycan millisi Türkiyə yığmasına qarşı

Azərbaycanın voleybol yığmaları Estoniya seçmələri ilə qarşılaşacaq

Xaçmazda saxlanılan 2 nəfərdən heroin və psixotrop maddə götürülüb VİDEO

Azərbaycanda GPON tarifləri üzrə internetin sürəti artır

Azərbaycan Kubokunda son 16 mövsümün məhsuldarlıq rekordu

Yeni “mygov”un ilkin versiyası Cenevrədə nüfuzlu mükafata layiq görülüb

BMT-nin kiçik ada dövlətlərinin inkişafı üzrə yol xəritəsi qəbul edilib