2016-cı il Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri üçün uğurlu və səmərəli olub
Əbu-Dabi, 27 dekabr, AZƏRTAC
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov AZƏRTAC-a müsahibəsində dost ölkədə yeni vəzifədə özünün birinci iş ilinin - başa çatmaqda olan 2016-cı ilin yekunlarından söhbət açaraq deyib: “Azərbaycan ilə BƏƏ arasında ikitərəfli münasibətlər, xüsusən bu münasibətlərin siyasi tərkib hissəsi 1994-cü ildə Kasablankada ovaxtkı İslam Konfransı Təşkilatının (indiki İslam Əməkdaşlıq Təşkilatını) sammiti çərçivəsində iki böyük lider - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Şeyx Zayed bin Sultan əl-Nahyan arasında tarixi görüşdən başlayaraq yüksəliş mərhələsindədir. Azərbaycan ilə BƏƏ arasında sonrakı əməkdaşlığın möhkəm təməlini qoymuş bu görüş əməkdaşlığın gələcək istiqamətini müəyyən etdi. Hazırda BƏƏ Fars Körfəzi və Yaxın Şərq regionu zonasında Azərbaycanın ən mühüm tərəfdaşlarından biridir”.
Səfirin sözlərinə görə, iki dost ölkə arasında daim siyasi dialoq, məsləhətləşmələr aparılır. O deyib: “Məsələn 2016-cı il noyabrın 18-20-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov öz həmkarı Şeyx Abdulla bin Zayed əl-Nahyanın dəvəti ilə “Sir Baniyas” beynəlxalq forumunda iştirak etmək üçün Əbu-Dabiyə gəlib. Əlamətdar haldır ki, hamı uçun qapalı rejimdə keçirilən bu forumda nazir E.Məmmədyarov MDB ölkələrindən dəvət edilmiş yeganə qonaq idi.
D.Şikarov qeyd edib ki, 2017-ci ilin aprel ayında Şeyx Abdulla bin Zayedin Bakıya səfəri planlaşdırılır. Hazırda həmin səfərin təşkili üzərində birgə iş aparılır.
Azərbaycan səfiri xüsusi vurğulayıb ki, bir sıra beynəlxalq məsələlər barəsində ölkələrimizin mövqeləri yaxındır. Biz həm ikitərəfli əsasda, həm də İslam Əməkdaşlıq Təşkilatı (İƏT), BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayırıq.
Diplomat deyib: “Dost ölkə ilə münasibətlərimizi yüksək qiymətləndiririk və çox məmnunuq ki, BƏƏ Ermənistanın Azərbaycana qarşı təcavüzü və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar İƏT, BMT və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərarlarda Azərbaycanın haqlı mövqeyini birmənalı şəkildə dəstəkləyir”.
D.Şikarov dövlətlərimizin başçılarının ikitərəfli əməkdaşlığı daha da dərinləşdirməyə şərait yaradan qarşılıqlı səfərlərinin vacibliyinə diqqəti cəlb edib. O, 2015-ci ilin aprelində Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş nazir, Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid əl-Maktumun Bakıya rəsmi səfərini və 2016-cı il fevralın 1-2-də Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-yə rəsmi səfərini xatırladıb. Səfir deyib: “Cari ilin fevral ayında Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-yə rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın və qarşılıqlı fəaliyyətin dərinləşməsi üçün güclü stimul oldu. Azərbaycan Prezidentinin Əbu-Dabinin vəliəhd şahzadəsi, BƏƏ silahlı qüvvələri ali baş komandanının müavini Şeyx Məhəmməd bin Zayed əl-Nahyan ilə səmimi görüşü və səmərəli danışıqları buna şərait yaradıb. İki ölkənin liderləri görüş zamanı ikitərəfli münasibətlərin sürətli inkişafından məmnun olduqlarını bildirib, siyasi, iqtisadi, investisiya, ticarət və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məsələlərini müzakirə ediblər”.
D.Şikarov deyib: “Prezident İlham Əliyev iki ölkənin rəhbərləri arasında siyasi və iqtisadi münasibətlərin yüksək səviyyəsini əsas götürərək, Nazirlər Kabinetinə tapşırıq verib ki, 2015-ci ilin noyabr ayından etibarən BƏƏ vətəndaşları üçün sadələşdirilmiş viza rejimi tətbiq edilsin. Xüsusi vurğulamaq lazımdır ki, dövlətimizin başçısının bu cür siyasi jesti həm BƏƏ rəhbərliyi, həm də bu dövlətin adi vətəndaşları tərəfindən yüksək qiymətləndirilib. Əmirliklərdən Azərbaycana turist axınının artması turizmin və bütövlükdə turizm sənayesinin inkişafına şərait yaradır, xalqımızın milli dəyərlərinin təbliğinə nəzərəçarpacaq töhfə verir. Bununla yanaşı, qonaqlar, xüsusilə BƏƏ vətəndaşları üçün ənənəvi turizm istiqamətləri olan ölkələrdə baş verən hadisələrlə əlaqədar, özləri üçün yeni, müasir imkan və şəraitə malik olan turizm istiqaməti kəşf edirlər”.
Səfir deyib: “Statistik rəqəmlərə gəlincə, xüsusi qeyd etmək istərdim ki, bu il BƏƏ-dən Azərbaycana turist axını qat-qat artıb, 50 mindən çox BƏƏ vətəndaşı ölkəmizə səfər edib. Bu, əvvəlki ilin müvafiq dövrünə aid göstərici ilə müqayisədə 40 dəfə çoxdur! Bizim proqnozlara görə, viza rejiminin sadələşdirilməsi üzrə görülən tədbirlər sayəsində gələcəkdə bu axın daha da güclənəcək”.
Azərbaycanlı diplomat ticari-iqtisadi və investisiya fəaliyyətində ikitərəfli əməkdaşlığın yekunları mövzusuna toxunaraq qeyd edib ki, 2016-cı ildə bu sahədə bir sıra uğurlu addım atılıb. Bu tədbirlər ticari-iqtisadi və investisiya əməkdaşlığı üzrə hökumətlərarası müştərək komissiya tərəfindən tənzimlənir. Ölkələrimiz arasında uğurlu əməkdaşlığın perspektivli olmasına nümunə kimi bütün dünyada məşhur olan nəhəng DP World şirkətlər qrupunun adını çəkmək olar. Dünyada ən iri liman operatorlarından biri olan bu qrup Azərbaycanda azad iqtisadi zona yaradılmasında fəal iştirak edir.
Daha bir mühüm addım kimi ölkələrimiz arasında yeni hava reysləri açılmasına dair razılıq əldə edilməsini xatırlatmaq olar. Məsələn, Əmirliyin “Air Arabiya” aviaşirkəti ilə əldə edilmiş razılaşmaya görə, 2017-ci il martın 16-dan etibarən Şərca əmirliyindən Bakıya birbaşa aviareyslər həyata keçiriləcək.
D.Şikarov xüsusi vurğulayıb ki, hakimiyyətin bütün şaxələrinin nümayəndələri ilə səfirlik arasında müntəzəm əlaqələr davam edir. Bundan əlavə, bizim səfirlik ölkəmizin reallıqları, onun nailiyyətləri və bütün istiqamətlərdə inkişafı, habelə Azərbaycanda baş verən əlamətdar hadisələr barədə ictimaiyyətin məlumatlandırılması məsələsinə xüsusi diqqət yetirir. Əlamətdar günlərə həsr edilmiş tədbirlər keçirilir, yerli KİV-lərdə ölkəmizə aid materiallar dərc edilir, mətbu materiallar və disklər paylanır. BƏƏ-dən turizm axınının artması nəzərə alınaraq Azərbaycan səfirliyi yerli KİV-lərlə əməkdaşlıq şəraitində bütün il ərzində turizmlə bağlı məqalələr dərc edib. Bu materiallar potensial turistlərdə Azərbaycanın görməli yerləri, turizm marşrutları və otelləri barədə geniş təsəvvür yaradır. Tarixi ekskursiyaların və müalicəvi turizmin həvəskarları üçün tarixi-dini əhəmiyyətli abidələr barədə mütəmadi olaraq geniş məlumat təqdim edilir.
Azərbaycanlı diplomatın sözlərinə görə Azərbaycan diasporunun strukturlaşdırılması və onun sıx birləşməsi məsələlərinə böyük dıqqət yetirilir. Ölkəmizin Əbu-Dabidəki səfirliyi nəzdində bazar günü məktəbi açılıb, burada “Qarabağ inciləri” adlı uşaq rəqs qrupu fəaliyyət göstərir.
Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov vurğulayıb ki, 2016-cı ili ölkələrimiz və xalqlarımız arasında ənənəvi dostluq əlaqələrinin möhkəmlənməsi baxımından bütövlükdə uğurlu və səmərəli hesab etmək olar. Bu əlaqələr bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi