2019-cu ildə ABŞ-ın fermer təsərrüfatlarının müflisləşməsi 20 faiz artıb
Vaşinqton, 4 fevral, AZƏRTAC
ABŞ-ın fermer təsərrüfatlarının müflisləşməsi bu ölkə ilə Çin arasında ticarət müharibəsi fəsadları səbəbindən ötən il təxminən 20 faiz artıb. Bu, müflisləşmənin 33 faizə qalxdığı 2008-ci ilin böyük iflasından sonra, 2010-cu ildən bəri ilk dəfədir ki, baş verir.
AZƏRTAC xəbər verir ki, ABŞ-da məhkəmə işlərinin bu yaxınlarda dərc edilən statistikasında müflisləşmə haqqında Məcəllənin 12-ci maddəsinə müvafiq olaraq, 2019-cu ildə ailə ferma təsərrüfatları arasında 595 müflisləşmənin qeydə alındığı göstərilir. Bu, 2018-ci ilin göstəriciləri ilə müqayisədə 100 müraciət çoxdur. Sahibkarlar uğursuz biznes üzərindən verginin götürülməsindən ötrü 12-ci maddəyə uyğun müraciət edirlər.
Amerikalı Fermerlər Federasiyasının iqtisadçıları bəyan ediblər ki, ABŞ-da 2 milyondan artıq ferma var və bu səbəbdən müflisləşmə göstəricisi 2019-cu ildə təxminən hər 1000 fermaya 2,95 hal təşkil edir.
Prezident Donald Tramp yanvarın əvvəlində Ostində (Texas ştatı) Amerikalı Fermerlər Federasiyasının illik konqresi və sərgisində bəyan etmişdi ki, o, fermerlərə son iki il ərzində artırılan 28 milyard dollar həcmində maliyyə yardımının ayrılması barədə göstəriş verib. Dövlət vəsaitinin ayrılmasına baxmayaraq, ABŞ ilə Çin arasında ticarət müharibəsi bazarlarda qeyri-müəyyənliyə gətirib çıxarıb ki, bu da öz növbəsində, fermerlərə zərbə vurmaqda davam edir.
AZƏRTAC-ın Vaşinqton bürosu