2022-ci il dünya çempionatının seçmə matçının Pxenyanda keçirilməsi məsələsi müzakirə edilir
Bakı, 2 sentyabr, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikası (KXDR) və Cənubi Koreyanın birləşməsi üzrə nazirliyin nümayəndəsi Li San Min bildirib ki, 2022-ci ildə futbol üzrə Dünya Çempionatının seçmə turnirində KXDR və Cənubi Koreya yığmaları arasında birinci oyunun Pxenyanda keçirilməsi məsələsi müzakirə edilir.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, futbol üzrə 2022-ci il Dünya Çempionatının ikinci raundunda KXDR və Cənubi Koreya yığmaları Asiya zonasında eyni qrupda oynayacaqlar. Həmin qrupda bu iki yığma ilə bərabər Livan, Türkmənistan və Şri-Lanka komandaları da çıxış edəcəklər.
Koreya yığmaları arasında birinci matç oktyabrın 15-də KXDR-də, ikinci matç isə, 2020-ci il iyunun 4-də Cənubi Koreyada keçirilməlidir. KXDR Futbol Federasiyası bu il avqust ayında Asiya Futbol Konfederasiyasına bildirib ki, birinci oyun Pxenyanda keçiriləcək.
Li San Min deyib: “KXDR və Cənubi Koreya Futbol Federasiyaları oyunçular və yayım məsələləri ilə bağlı təfsilatı Asiya Futbol Konfederasiyası vasitəsilə müzakirə edirlər”.
2010-cu il Dünya Çempionatı ərəfəsində seçmə turnirdə KXDR və Cənubi Koreya yığmaları eyni qrupda olublar və öz aralarında oyunların birini KXDR-də, digərini Cənubi Koreyada keçirməli idilər. Lakin o vaxt hər iki matç neytral məkanda - Şanxayda keçirildi.