İQTİSADİYYAT
20-ci sahə yaşayış massivində içməli su layihəsinin icrasına başlanılıb
Bakı, 11 aprel, AZƏRTAC
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Tədbirlər Planına uyğun olaraq, Səbail rayonunun 20-ci sahə yaşayış massivində içməli su layihəsinin icrasına başlanılıb.
ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 20-ci sahə massivində icra olunan layihə Gülbala Əliyev, Arif İsmayılov, Çernyaxovski və Yüzbəy Mürsəlov küçələrini əhatə edir. Layihə çərçivəsində həmin küçələrdə müxtəlif diametrli borularla 5,4 kilometr uzunluğunda su xətləri inşa olunur. Yeni şəbəkədən hər bir evə birləşmə verilərək sayğaclar quraşdırılacaq.
“Badamdar qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində “+190 Badamdar” su anbarından 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsi məqsədilə 2,2 kilometr uzunluğunda magistral su kəməri inşa edilib. Bu magistralın və yeni yaradılan sistemin imkanlarından istifadə etməklə ərazidə yaşayan 30 mindən çox insanın su təchizatı əsaslı şəkildə yaxşılaşacaq.
20-ci sahə yaşayış massivinin su təchizatında dayanıqlıq təmin edildikdən sonra ərazidə yerləşən “Şimal” nasos stansiyasının fəaliyyəti dayandırılacaq. Layihə çərçivəsində 20-ci sahə ərazisində açıq kanallarla axıdılan tullantı suların toplanması məqsədilə 2 kilometr uzunluğunda kanalizasiya xətlərinin tikintisi də planlaşdırılır.