20 Yanvar hadisələri xalqımızın öz müstəqilliyini qorumaq üçün savaşmaq əzmində olduğunu göstərdi
Bakı, 19 yanvar, AZƏRTAC
Dendrologiya İnstitutunda 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elmi müəssisənin baş direktor vəzifəsini icra edən Minarə Həsənova 20 Yanvar hadisələrinin baş verməsinin səbəbləri və nəticələri haqqında məlumat verib, bu qanlı hadisənin Azərbaycanın azadlıq mübarizəsi tarixində şərəf və qəhrəmanlıq səhifələrindən biri olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda tarixboyu çox sayda şəhidlər verib. 20 Yanvar hadisələri də göstərdi ki, xalqımız öz müstəqilliyini, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün savaşmaq əzmindədir. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini daim uca tutub, onların ailə üzvlərinə ardıcıl olaraq maddi və mənəvi dəstək göstərib.
Sonra Həmkarlar İttifaqı Komitəsinin sədri Tünzalə Zeyvəliyeva, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası sədri Nuray Qədirova, aqrar elmlər üzrə fəlsəfə doktoru dosent Mərdan Tağıyev, biologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Gülməmmədova, biologiya üzrə fəlsəfə doktoru Günay Məmmədova 20 Yanvar faciəsi barəsində danışıb, bu qanlı hadisənin heç vaxt unudulmayacağını bildiriblər. Qeyd olunub ki, həm 20 Yanvar, həm də 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərən, dövlətimizin ərazi bütövlüyü yolunda canından keçən, hər birimizə sevinc və qürur hissləri yaşadan qəhrəman şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacaq və həmişə dərin ehtiramla yad ediləcək.
Sonda “20 Yanvar şəhidləri bizim silinməz qan yaddaşımızdır” adlı film nümayiş olunub.