İQTİSADİYYAT
Madriddə “Savalan” şərablarının təqdimatı olub VİDEO






Madrid, 21 noyabr, AZƏRTAC
“2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”na əsasən Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq Madriddə ölkəmizin İspaniyadakı səfirliyinin və “Savalan” şirkətinin təşkilatçılığı ilə “Rioxa Mərkəzi”ndə İspaniyanın şərabçılıq üzrə tanınmış Rioxa regionunun və Azərbaycan şərablarının dequstasiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, “Rioxa Mərkəzi” tərəfindən təşkil olunan sayca 12-ci dequstasiya mərasimində İspaniya Hökumətinin üzvləri, İspaniyada akkreditə olunmuş diplomatik korpusunun rəhbərləri, Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin başçılığı altında nümayəndə heyəti, “Savalan” şirkətinin rəhbəri Fuad Seyidəliyev, yerli beyin mərkəzlərinin və KİV nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimini giriş sözü ilə açan “Rioxa Mərkəzi”nin rəhbəri Xose Antonio Ruperes Kanyo Azərbaycan şərablarının özünəməxsus ətri və dadı ilə fərqləndiyini, məhz bu səbəbdən Azərbaycan şərablarının İspaniyanın şərabçılıq üzrə əsas regionlarından biri olan Rioxa bölgəsinin şərabları ilə müqayisəli şəkildə dequstasiyasının keçirilməsinin təsadüfi olmadığını diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycanın iqlimi, torpaq və su ehtiyatları müxtəlif üzüm növlərinin yetişdirilməsi üçün münbit zəmin yaradır. Son illər ərzində Azərbaycanda şərabçılıq sahəsində əhəmiyyətli inkişafın müşahidə olunması təqdir edilib.
Daha sonra təqdimatla çıxış edən Azərbaycan Dövlət Turizm Agentliyinin nümayəndəsi Aygün Həsənova bildirib ki, Azərbaycan hazırda regionda şərabçılıq mərkəzinə çevrilib. Ölkəmizin şərab marşrutu “Şərab turizminin ən yaxşı inkişaf edən məhsulu” nominasiyası üzrə qalib olub.
A.Həsənova qeyd edib ki, Azərbaycanın şərab istehsalı müəssisələrində “Pinot Grigio”, “Vermentino”, “Sauvignon Blanc”, “Cabernet”, “Petit Verdot”, “Muscat” və “Saperavi” kimi məşhur üzüm sortlarından geniş istifadə edilsə də, ölkəmizdə qiymətli yerli bir sıra şərablıq üzüm növləri mövcuddur. Diqqətə çatdırılıb ki, Azərbaycanın bir çox rayonlarında müasir üzümçülük istehsal sahələri yaranaraq geniş vüsət alıb. Qarabağ bölgəsinin ölkəmizin şərabçılıq tarixi və mədəniyyətində əhəmiyyətli yerə sahib olması vurğulanaraq, Azərbaycan şərabçılığının ən parlaq dövrlərindən birinin də məhz Qarabağ zonasının payına düşdüyü bildirilib.
Tədbirin davamında təqdimatla çıxış edən “Savalan” şirkətinin vitse-prezidenti Cavid Seyidəli ölkəmizin füsunkar təbiətə malik Böyük Qafqaz dağ silsiləsinin ətəklərində - Qəbələ rayonunun Savalan vadisində keyfiyyətli üzüm sortlarının yetişdirilməsi üçün əlverişli şəraitin olduğunu, bu ərazilərimizdə şərabçılığın tarixinin 2300 il əvvələ təsadüf etdiyi diqqətə çatdırılıb. “Savalan” müəssisəsinin özünəməxsus iqlim zonasına malik, dəniz səviyyəsindən 400 metr yüksəklikdə yerləşən 360 hektar üzüm bağlarına malik olduğu qeyd edilərək, müəssisənin istehsalı olan şərabların ilk mükafatı 2012-ci ildə Honq-Konqda keçirilən V Beynəlxalq Şərab Sərgisində mükafata layiq görüldüyü bildirilib. “Savalan” müəssisəsinin şərab zavodlarında İtaliyadan olan enoloqların rəhbərlik etdiyi peşəkar beynəlxalq ekspertlərin çalışdığı qeyd edilərək, ötən 10 il ərzində müəssisənin “Decanter World Wine Awards”, “International Wine and Spirit Challenge”, “Mundus Vini”, “Monde Selecetion” kimi beynəlxalq müsabiqələrdə 55-dən artıq medal və mükafata layiq görüldüyü diqqətə çatdırılıb.
Tədbir çərçivəsində “Chocenbouche” şirkətinin istehsal etdiyi üzərində “Qarabağ Azərbaycandır” yazılan şokoladların təqdimatı da keçirilib. Qeyd edək ki, Azərbaycan bayrağının rənglərinə boyanmış şokoladlar ölkəmizdə şirniyyat üzrə İSO beynəlxalq keyfiyyət sertifikatına layiq görülən ilk şirkətdir.
Tədbir zamanı iştirakçılara “Savalan” müəssisəsinin istehsalı olan şərablarla yanaşı, milli kulinariyamızın ləziz təamları da təqdim edilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid