Qubada sel evlərə, kənd yollarına və təsərrüfatlara ciddi ziyan vurub VİDEO
Quba, 12 iyun, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunun Qarxun, Yerfi, Rük, Adur kəndlərində sel suları sakinlərin evlərinə və həyətlərinə dolub, təsərrüfatlarına ziyan vurub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 11-i günorta saatlarında yağan qısamüddətli leysan nəticəsində yaranan sel suları Qarxun kəndində 10-a yaxın evin həyətinə, zirzəmisinə, bəzi evlərin isə içərisinə dolub.
Qarxun kənd sakini Əmin Əhmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, qonşusuna məxsus “Niva” markalı avtomobil sel sularının altında qalıb, bir baş iribuynuzlu heyvanı isə su aparıb. Sakinlərdən xəsarət alan olmasa da, təsərrüfatları ciddi ziyan görüb.
Quba Rayon Fövqəladə Hallar Komissiyasının sədri Tariyel İbrahimov deyib ki, sel suları daha çox Yerfi kəndində fəsadlar törədib. Burada kənd yollarına, körpüyə, sakinlərə məxsus mal-qaraya, təsərrüfatlara ziyan dəyib. Bundan başqa, Tüləkəran inzibati ərazi dairəsinin bəzi kəndlərində də sel suları fəsadlar törədib. Hazırda Rayon Fövqəladə Hallar Komissiyasının təşkilatçılığı ilə fəsadların aradan qaldırılması istiqamətində iş aparılır. Müvafiq qurumların texnikaları və canlı qüvvələri, həmçinin yerli bələdiyyələrin imkanları səfərbər olunub.