CƏMİYYƏT
26 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə qardaş ölkədən Ramazan hədiyyəsi
Bakı, 8 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qaradağ rayonu “Ümid” qəsəbəsində mənzillərlə təmin edilən bir qrup şəhid ailəsi və müharibə əlilinə qardaş ölkə Türkiyənin “İstikbal” şirkəti tərəfindən Ramazan hədiyyəsi edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, sosial tərəfdaşlıq çərçivəsində şirkət həmin qəsəbədə mənzillə təmin olunmuş şəhid ailələri və müharibə əlillərinin bir hissəsinin mənzillərinin mebellə təminatını öz üzərinə götürüb. Onların mənzilləri yataq dəstləri, divan, kreslo və bu kimi digər mebel avadanlıqları ilə təchiz edilib.
Ümumilikdə 26 ailəyə zəruri mebel avadanlıqları təqdim olunub ki, onlardan 12-si şəhid ailəsi, 14-ü isə Qarabağ müharibəsi əlilinin ailəsidir.