27 Sentyabr - Vətən sevgisinin Zəfərə çevrildiyi gün
Bakı, 25 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda Anım Gününə həsr olunmuş “27 Sentyabr - Vətən sevgisinin Zəfərə çevrildiyi gün” adlı tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə institutun direktor vəzifəsini icra edən professor Əfsun Sucayev çıxış edərək 27 Sentyabrın Azərbaycan xalqının yaddaşında xüsusi yer tutan tarixi günlərdən biri olduğunu bildirib. Professor qeyd edib ki, şəhidlərimizin göstərdiyi qəhrəmanlıq və fədakarlıq daim ehtiramla yad edilməli, Vətən müharibəsinin tarixi həqiqətləri gələcək nəsillərə çatdırılmalıdır.
Əfsun Sucayev, həmçinin milli birlik və həmrəyliyin xalqımızın əldə etdiyi Zəfərin əsas amillərindən biri olduğunu vurğulayıb. O, milli-mənəvi dəyərlərin qorunmasının və gənc alimlərin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini diqqətə çatdırıb.
İnstitutun Strateji inkişaf, qiymətləndirmə və monitorinq sektorunun müdiri Sevinc Həsənova xalqımızın yaddaşında Vətən uğrunda canından keçən qəhrəmanların əziz xatirəsinin yaşadıldığı mühüm tarix olduğunu bildirib.
Daha sonra Vətən müharibəsi iştirakçısı Tural Məhərrəmov çıxış edib. O, uşaqlıq illərinin Birinci Qarabağ müharibəsi dövrünə təsadüf etdiyini, həmin illərdə torpaqlarımızın işğaldan azad olunacağına inam və qələbə əzmi ilə böyüdüklərini bildirib. Xocavənd və Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak edən Tural Məhərrəmov Vətən uğrunda mübarizənin hər bir Azərbaycan vətəndaşı üçün şərəf və məsuliyyət olduğunu qeyd edib.
Tədbirdə Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş edilib.
Sonra “Qəhrəmanlıq dastanı: 27 Sentyabr tariximizin şanlı səhifəsi”, “27 Sentyabr - Qəhrəmanlığın və milli birliyin başlanğıcı” mövzularında məruzələr dinlənilib.